27 sentyabr Anım Günü, 44 günlük Vətən Müharibəsinin ildönümünün qeyd olunması və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin 2010-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 11-ci ildönümü münasibəti ilə “Azərxalça” ASC özünün “Qarabağ xalçalarına yeni baxış” xalça kolleksiyasını təqdim etdi.
Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə tariximizdə yeni səhifə açdığı kimi, “Qarabağ xalçalarına yeni baxış” kolleksiyası da xalçasevərlərin diqqətinə Qarabağ xalçalarının yeni obrazını təqdim edəcək. 17 noyabr tarixində kolleksiyanın “Azərxalça”nın İçəri Şəhərdə yerləşən sərgi salonunda geniş təqdimat mərasimi baş tutub. Yeni Qarabağ xalçaları Respublikanın əməkdar rəssamı Rəşad Ələkbərovun ideyaları əsasında “Azərxalça” ASC-nin yaradıcı qrupunun iştirakı ilə hazırlanıb.
Kolleksiya çərçivəsində Rəşad Ələkbərov Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının 4 müxtəlif rəngdə və müasir zövqə, interyerə uyğun dizaynda təqdim edib. Hər bir xalçanın dizaynına 4, toxunma prosesinə isə 2 ay vaxt sərf olunub.
Xatırladaq ki, “Qasımuşağı” xalçaları Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalardır. “Qasımuşağı” xalçaları Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının, eləcə də ətraf kəndlərin adı ilə bağlıdır.
Mərasimdə ölkənin tanınmış ictimai, siyasi və incəsənət xadimləri iştirak ediblər. “Azərxalça” ASC-nin İdarə Heyətinin Sədri Emin Məmmədov tədbiri açıq elan edərək, hər kəsi salamlayıb. Çıxışı zamanı Emin Məmmədov qeyd edib ki, dəyişən və qloballaşan dünyada bizim milli-mənəvi irsimiz hesab olunan Qarabağ xalçalarını bütün dünyaya daha müasir tərzdə təqdim etmək əslində bu xalçalara olan marağı qat-qat artırır: “Qoy müasir və müxtəlif rənglərlə göz oxşayan Qarabağ xalçaları dünyanın bütün nöqtələrində müasir interyerli məkanların ən dəyərli bəzəyi olsun! Bütün dünyanın artıq 11 ildir ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına aid olan Azərbaycan xalçaçılıq sənətinin nadir incilərini müasir dizaynda görməsinin vaxtıdır”.
Mərasimdə çıxış edən ideya müəllifi Rəşad Ələkbərov isə çıxışı zamanı: “Mən klassik “Qasımuşağı” xalçalarında mübarizə, müharibə, qələbə elementləri görürəm. Layihələndirdiyim xalçalarda forma olaraq “Qasımuşağı” xalçasını əsas götürmüşəm. Rəng çalarlarının dəyişməsi isə əhval-ruhiyyə, baş verən proseslər və gələcək haqqında düşüncələrimin təzahürüdür” – deyə bildirib.
Xatırladaq ki, 4 rəngdə təqdim olunan hər biri 4 kv.m. olan xalçalardan yalnız 44 sayda sifariş etmək mümkündür.