KANADADA DAŞQINLAR SƏBƏBİNDƏN BÜTÖV BİR ŞƏHƏR TƏXLİYƏ OLUNUR

Kanadanın cənubundakı Britaniya Kolumbiyası əyalətində yerləşən Merit şəhərinin hakimiyyət orqanları daşqınlar səbəbindən sakinlərin təcili təxliyəsinə başlayıb.
Müvafiq göstəriş Merit şəhərinin rəsmi saytında yerləşdirilib.
Meriyanın məlumatına görə, şəhərin yaxınlığından keçən çayın səviyyəsi qalxaraq iki körpünü su altında qoyub, üçüncü körpüyə isə girişi bağlayıb. Həmçinin yerli sutəmizləmə qurğusu sıradan çıxıb, tullantı sularının sızması riski yaranıb və insanlar təhlükə ilə üz-üzə qalıb.
Qeyd edək ki, 7 min insanın yaşadığı Merit şəhəri yayda anomal istilərdən və irimiqyaslı meşə yanğınlarından əziyyət çəkib.
Son günlər Britaniya Kolumbiyasının cənubunda aramsız leysan yağışları bölgədə torpaq sürüşmələrinə səbəb olub. Kanada Silahlı Qüvvələrinə məxsus helikopter Aqasis şəhərciyi yaxınlığındakı magistral yolda bir neçə saat köməksiz qalan 300-ə yaxın insanın xilası edilməsi əməliyyatına cəlb olunub.