FUTBOL ÜZRƏ AZƏRBAYCAN MİLLİSİ ÖZ MEYDANINDA LÜKSEMBURQA MƏĞLUB OLUB

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq qarşılaşması başa çatıb.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakı Olimpiya Stadionunda start götürən görüşün birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb. Fasilədən sonra daha üstün oyun göstərən qonaqlar matçın 67-ci dəqiqəsində hesabı açıb. Jerson Rodriqes fərqlənib. Oyunun 78-cı dəqiqəsində Lüksemburq millisi hesab arasındakı fərqi artırıb. Sebastyan Til adını tabloya yazdırıb. Qarşılaşmanın 83-cü dəqiqəsində millimiz qollardan birinin əvəzini çıxıb. Azər Salahlı fərqi azaldıb.
Oyunun 90+1-ci dəqiqəsində Lüksemburq yenidən fərqlənib. Jerson Rodriqes özünün ikinci komandasının üçüncü qoluna imza atıb.
Qalan dəqiqələrdə hər iki komandanın fərqlənmək şansı olsa da, hesab dəyişilməyib.
Bu nəticədən sonra xal ehtiyatını 9-a çatdıran Lüksemburq millisi turnir cədvəlində üçüncü yerə yüksəlib. Azərbaycan seçməsi isə bir xalla sonuncu – beşinci yerdə qərarlaşıb.