TÜRKİYƏ XALQI MUSTAFA KAMAL ATATÜRKÜN ƏZİZ XATİRƏSİNİ YAD EDİR

Bu gün Türkiyə Respublikasının qurucusu, böyük türk xalqının xilaskarı, qazi Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümüdür.
Böyük Öndərin əziz xatirəsini anmaq məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələrinin də daxil olduğu rəsmi heyət Türkiyə xalqının böyük oğlunun məzarını – Anıtqəbiri ziyarət edib.
Türkiyə vaxtı ilə saat 09:05-də – Mustafa Kamal Atatürkün vəfat etdiyi an bütün ölkədə dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin İstiqlal marşı səsləndirilib. Anıtqəbir önünə əklil qoyulub.
Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyənin bütün bölgələrində anım mərasimləri keçirilir.
Səksən üç il əvvəl gözlərini əbədi yuman Atatürkün əziz xatirəsi qədirbilən türk xalqının qəlbində əbədi yer qazanıb. Böyük Öndəri həyatdan ayıran zaman uzaqlaşdıqca Atatürk sevgisi daha uca zirvələri fəth edir.