RƏCƏB TAYYİB ƏRDOĞAN PREZİDENT İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Zəfər Günü münasibətilə təbrik edib, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyib.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev bu Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın dəstəyini bir daha yüksək qiymətləndirərək, xüsusi olaraq vurğulayıb ki, məhz müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu.
Dövlətimizin başçısı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğulayıb.
Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd ediblər.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edilib.