MUSTAFA ŞENTOP: AZƏRBAYCANIN VƏTƏN MÜHARİBƏSİNDƏ HAQLI ZƏFƏRİNİN COŞQUSUNU PAYLAŞIRIQ

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mustafa Şəntop məktubunda türk milləti adından və şəxsən öz adından dost və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

TBMM sədri iki dövlətin münasibətlərinin “bir millət, iki dövlət” tezisinə əsaslandığını qeyd edərək Azərbaycanın Vətən müharibəsində haqlı Zəfərinin coşqusunu paylaşdıqlarını diqqətə çatdırıb.

Bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə qardaş Azərbaycan 44 gündə tarix yazaraq 30 il sürən işğala son qoyub. Bu haqlı mübarizə nəticəsində 2020-ci il noyabrın 8-də hamımız üçün böyük önəm kəsb edən Şuşa azad edilib, Azərbaycan döyüş meydanındakı Zəfərini üçtərəfli Bəyanatın imzalanması ilə yekunlaşdırıb.

Mustafa Şentop Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edib, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq, rifah və Milli Məclisin sədrinin şəxsində Azərbaycan parlamentinin üzvlərinə müvəffəqiyyətlər arzulayıb.