Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri, möhtərəm cənab Prezident,
8 Noyabr – Zəfər Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu onillər boyunca davam edən haqsızlığa, zülmə, ədalətsizliyə və hüquqsuzluğa son qoydu, Birləşmiş Millətlər Təşkilatının qətnamələrini öz gücü ilə icra etməklə ikili standartları zərərsizləşdirdi.
Bu şanlı Zəfər birlik, dönməzlik və əyilməz iradənin rəmzi kimi yalnız qardaş Azərbaycanın deyil, bütün türk dünyasının tarixinə qızıl hərflərlə əbədi həkk olundu.
Türk dünyasında milli kimliyin, düşüncə və fikir birliyinin yüksək səviyyəyə qalxmasına vəsilə olan, səmərəli və faydalı əməkdaşlığımıza yeni üfüqlər açan möhtəşəm Zəfər Günü münasibətilə Zati-alinizi bir daha təbrik edirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, qardaş Azərbaycanımıza sülh, inkişaf, əmin-amanlıq və firavanlıq diləyirəm”.