COVID-19 pandemiyası dövründə Qlobal Bakı Forumunun keçirilməsi çox cəsarətli bir addımdır. Foruma çoxsaylı iştirakçının canlı olaraq qatılması həm də insanların həyatımızı zəhərləyən bu pandemiyanın bitməsi arzusunun ifadəsidir.
Bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumundakı çıxışında bildirib.
Forumun “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr edilməsinin zamanında verilmiş əhəmiyyətli qərar olduğunu söyləyən Binəli Yıldırım deyib: “Bu epidemiya göstərdi ki, dünyada heç bir ölkə təkbaşına təhlükəsizlikdə deyil. Bütün dünyanın güvəndə olması, bütün bölgələrin, insanların təhlükəsizlikdə olmasından asılıdır”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.