GƏNCƏDƏ ERMƏNİLƏRİN DAĞITDIĞI 3200-Ə YAXIN TİKİLİ BƏRPA OLUNUB, 12 EV YENİDƏN TİKİLİB

Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən ən çox ziyan çəkmiş ərazilərimizdəndir. Burada ümumilikdə 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılıb və ya qismən ziyan görüb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən hazırda 3200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib və hazırda onların təmir işləri aparılır.

Bununla yanaşı 22 yaşayış evi tikilir, 1 bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir. Gəncə şəhərində əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb olunub.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

Həmin ərazilərdə 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 12000-dən çox (yeni rəqəmdir 01.11.2021) yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.