GƏNCƏDƏ ERMƏNİ TERRORU NƏTİCƏSİNDƏ ZƏRƏR GÖRƏN 500-DƏN ÇOX TİKİLİDƏ TƏMİR-BƏRPA İŞLƏRİ APARILIR

Gəncə şəhəri 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən ən çox ziyan çəkmiş şəhərlərdəndir. Burada ümumilikdə 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılmış və ya qismən ziyan görmüşdür. Hazırda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.

Komitədən verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən 3200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib və hazırda onların təmir işləri aparılır.

Şəhər sakini Elvin Cəfərovun yaşadıqları ev ötən ilin oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində qəzalı vəziyyətə düşüb: “Erməni terroru nəticəsində qonşularımızdan 14 nəfər şəhid oldu. Raket zərbəsi endiriləndə xoşbəxtlikdən evdə tək idim, yüngül xəsarət aldım. Evimiz tam yararsız vəziyyətə düşdü. Prezident İlham Əliyevə təşəkkür edirəm ki, onun Sərəncamına əsasən 192 kvadratmetrdə 5 otaqlı mənzilimiz yenidən tikilir”.

Bununla yanaşı, 22 yaşayış evi tikilir, bir bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir. Gəncə şəhərində əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb olunub.

Erməni terrorundan zərər çəkən sakinlərdən biri olan Əli Əliyev bildirib ki, gecə yuxudan partlayış səsinə oyanıblar. “Gecə saat 1-ə qalmış raket zərbələri evimizi darmadağın etdi. Oğlum və yoldaşım yaralandı. Evimizin bir hissəsi yararsız vəziyyəti düşdü. Hazırda həmin o dağılan hissə yenidən bərpa edilir”, – deyə şəhər sakini bildirib.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

Həmin ərazilərdə 13 mindən çox tikiliyə ziyan dəyib ki, hazırkı mərhələdə onlardan 11 min 750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.