PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞANIN AZƏRBAYCANA SƏFƏRİ TÜRKİYƏ MEDİASININ BAŞ XƏBƏRİDİR

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana səfəri, Prezident İlham Əliyevlə bilikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, iki liderin görüşləri və Şərqi Zəngəzurdan dünyaya verdikləri mesajlar, ali qonağa göstərilən yüksək diqqət və qonaqpərvərlik qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən baş xəbər olaraq qalmaqdadır.

Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global”, “A Haber” və digər telekanallar səfərin ən mühüm hissələrini canlı yayım olaraq təqdim ediblər.

Səfərin tarixi əhəmiyyəti ilə bağlı çeşidli materiallar yayan Anadolu Agentliyi, eyni zamanda, Prezident İlham Əliyevə “Qarabağ Zəfəri” nəşrinin təqdim olunması barədə də xüsusi xəbər hazırlayıb.

Aparıcı telekanallar səfərin strateji əhəmiyyəti barədə görkəmli ekspertlərin iştirakı ilə efir müzakirələri aparırlar. Mütəxəssislərin yekdil rəyi budur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm hərbi zəfər qazanan Azərbaycan Ordusunun yaratdığı yeni geosiyasi vəziyyətin inkişaf dinamikası qarşısıalınmaz prosesdir.

“Hürriyyət” qəzeti səfərlə bağlı materialları “Daimi sülh üçün ən əlverişli zəmin”, “Prezident Ərdoğan Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqladı” kimi sərlövhələrlə oxuculara çatdırır.

“Sabah” eyni mövzudakı materialı “Əliyevdən başkan Ərdoğana övgü dolu sözlər“ sərlövhəsi ilə təqdim edib.

Füzuli Beynəlxalq Hava Limanının bölgə üçün əhəmiyyətini ön plana çıxaran “Türkiyə” qəzeti “Qarabağın dünyaya açılan qapısı Füzulu Beynəlxalq Hava Limanı xidmətə başladı. Azərbaycanda tarixi gün” sərlövhəsi ilə baş xəbər olaraq oxuculara çatdırıb. Səfər barədə ən mühüm məqamlar “Yeni Şəfəq” qəzetində də bənzər sərlövhəli yazılarla baş xəbərdə yer alıb.

“Yeni Akit” qəzeti də səfər çərçivəsində Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun təməlinin qoyulduğuna diqqəti cəlb edərək, “Qardaşlıq koridoruna ilk təməl” başlığından istifadə edib.

Qəzetlər, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın bəzi ölkələrin Türkiyənin daxili işlərinə müdaxilə cəhdlərinə qarşı qətiyyətli mövqe sərgiləməsinə Azərbaycanın dövlət başçısının verdiyi dəstək barədə fikirlərinə də geniş yer ayırıblar.

“Akşam” qəzeti “Əliyevdən Ərdoğana övgü” başlığı ilə dövlətimizin başçısının Türkiyə liderinin bütün türk dünyası üçün mühüm amil olduğuna dair fikirlərini ön plana çıxarıb. “Milliyyət”, “Yeni Çağ”, “Posta” və digər qəzetlər də mövzuya geniş yer ayırıblar.