Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.Müdafiə Nazirliyindən verilən məlumata görə, Ali Baş Komandanın göstərişinə əsasən işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, o cümlədən infrastrukturun bərpa edilməsi məqsədi ilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti həyata keçirilir.Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsindən Laçın rayonunun Minkənd yaşayış məntəqəsinə, eləcə də dövlət sərhədi boyunca digər istiqamətlərdə ümumilikdə 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib. Qoşunların qış aylarında dağlıq ərazilərdə təhlükəsiz hərəkət etməsi üçün yolların işarələnməsi və qar çubuqlarının qurulması başa çatdırılıb.Azad edilən ərazilərdə infrastrukturun bərpa olunması məqsədilə həyata keçirilən zəruri tədbirlər davam etdirilir.