CEYHUN BAYRAMOV İLƏ İRANLI HƏMKARI ARASINDA TELEFON DANIŞIĞI OLUB

Oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.
Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda, Azərbaycan tərəfindən 2 iranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.
Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.
Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.