RESPONDENTLƏRİN 70%-İ MAĞAZALARIN BONUS VƏ ENDİRİM KARTLARINDAN İSTİFADƏ EDİR (İNFOQRAFİKA)

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesinin uğurla davam etdiyini nəzərə alaraq, 11-15 oktyabr tarixlərində MTM (Media Təhlil Mərkəzi) tərəfindən mövzu ilə bağlı növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 910 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.

Respondentlərin 64%-i “ƏDV geri al” xidməti vasitəsi ilə topladığı məbləği müxtəlif ödənişlər üçün istifadə etdiyini, 18%-i məbləği kartında topladığını, 7%-i isə toplanan vəsaiti nağdlaşdırdığını deyib. Sözügedən xidmətdən istifadə etmədiyini qeyd edənlər cavab verənlərin 11%-ni təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 70%-i mağazalar tərəfindən təklif olunan bonus və endirim kartlarından istifadə edir.

“Bonus və endirim kartlarının keçərli olması alış-verişinizə təsir edir?” sualına cavab verən respondentlərin 47%-i heç bir kartı olmayan mağazalardan da alış-veriş etdiyini bildirib. Cavab verənlərin 35%-i bonus və endirim kartı olan mağazalara üstünlük verdiyini, 18%-i sözügedən kartlardan istifadə etmədiyini qeyd edib.