Oktyabrın 1-dən etibarən Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunub. MTM (Media Təhlil Mərkəzi) mövzu ilə bağlı 5-10 oktyabr tarixlərində sorğu keçirib.
Sorğuda iştirak edən 626 respondentin 51%-ni qadınlar, 49%-ni kişilər təşkil edib.
Respondentlərdən xidmət sahələrindən hansının fəaliyyətinin bərpasını daha çox gözlədikləri soruşulub. Bir neçə cavab variantı seçmək imkanına malik olan iştirakçıların 75%-i daha çox həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını gözlədiklərini qeyd ediblər. Cavab verənlərin 29%-i “istirahət və əyləncə məkanları”, 19%-i “konsert və konfrans zalları”, 31%-i “kinoteatrlar və teatrlar” variantını seçib. Sorğu iştirakçılarının 13%-i qeyd olunanların heç birindən istifadə etmədiyini bildirib.
Cavab verənlərin 34%-i bütün qadağaların tezliklə ləğv olunacağını, 43%-i bəzi qadağaların hələ uzun müddət qüvvədə qalacağını, 23%-i isə karantin rejiminin yenidən sərtləşdiriləcəyini qeyd edib.
Respondentlərin 30%-nin fikrincə, pandemiya tezliklə bitəcək. Pandemiyanın yaxın zamanlarda bitməyəcəyini, hər kəsin vaksinasiya olunmasının vacib olduğunu qeyd edənlər sorğu iştirakçılarının 54%-ni təşkil edib. Cavab verənlərin 16%-i isə pandemiyanın heç vaxt bitməyəcəyini vurğulayıb.