Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə gecəsi və onun əsərlərinin sərgisi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Tədbir çərçivəsində Raya Abbasovanın müasir dövrün görkəmli sənətkarının həyat və fəaliyyətindən bəhs edən “Dialoq” kitabının təqdimatı keçirilib. Böyük sənətkarın nəvəsi Kayxan Salahov tərəfindən hazırlanmış “Sonsuzluq” adlı videoinstalyasiya da qonaqlara təqdim edilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib:
-Görkəmli rəssam Tahir Teymur oğlu Salahovun xatirə gecəsində sizi salamlamağa çox şadam. Bu, çox rəmzi haldır ki, bugünkü tədbir Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda keçirilir. Doğma Bakı kimi Moskva şəhəri də Tahir Teymur oğlu üçün çox əziz idi. Tahir Salahov öz yaradıcılığı ilə bütün dünyanı fəth etdiyinə baxmayaraq, onun həyatının əsas hadisələri məhz Rusiyada və Azərbaycanda baş verib. Onun nadir yaradıcılıq üslubu və xarakteri məhz burada formalaşıb. İncəsənət dünyanı gözəlləşdirir. Tahir Salahovun yaradıcılığı sayəsində biz onun dünyasını – harmoniya və xoş duyğularla dolu nurlu dünyanı görürük. Biz xoşbəxtik ki, bu heyrətamiz insanla bir dövrdə yaşamışıq, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq. Onun sənətini fərqləndirən məhz sevgidir – Vətənə, təbiətə, insanlara sevgi. Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır. O, obrazlar yaratmır, insanlar yaradırdı. Ona görə də onun əsərlərinə baxanda inanırıq və hiss edirik ki, bunlar canlı əsərlərdir, həyatın özü kimi canlıdır.
Bu gün bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Tahir Salahovun ailəsinə, Zelfira İsmayılovna, sizə bizi dəstəklədiyinizə görə, bu tədbirin hazırlanmasında iştirak etmiş, ona qəlbinin bir hissəsini qoymuş insanların hamısına təşəkkür etmək istəyirəm. Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin, gənc istedadlara yol açsın.
Sizin hamınıza xoşbəxtlik, cansağlığı arzu edirəm, ən xoş diləklərimi bildirirəm. Sağ olun.
X X X
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək qeyd edib ki, Heydər Əliyev Fondu və onun Rusiyadakı nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün Tahir Salahov kimi çox iş görür.
Polad Bülbüloğlu deyib: “Unudulmaz rəssam, unudulmaz insan, möhtəşəm filosof. Görünür, həyatda mənim çox bəxtim gətirib ki, 1960-cı illərin əvvəlindən başlayaraq biz ünsiyyətdə olmuşuq, çoxsaylı səfərlərdə olmuşuq, sovet dövründə, 1968-ci ildə Meksika kimi unikal ölkədə 20 gün bir yerdə olmuşuq. Bu, unudulmaz günlər idi. Həmin günlər həmişəlik yaddaşımızda qalıb. Bu gün görkəmli rəssamın aramızda olmamasını təsəvvür etmək çətindir. Lakin onun əsərləri var. Allaha şükür, biz elə bir dövrdə yaşayırıq ki, video, foto, kino var. Bir insan, şəxsiyyət kimi onun xatirəsi həmişə bizimlə olacaq. Deyirlər insanı xatırlayırlarsa, deməli o yaşayır. Onu isə çox adam xatırlayır. Onun əsərləri əsasında Azərbaycan haqqında, Rusiya haqqında fikirlər yürüdəcəklər”.
Dövlət Tretyakov qalereyasının baş direktoru Zelfira Trequlova Tahir Salahov ilə yaxından tanış olduğunu söyləyib. O deyib: “Ona bir insan kimi hədsiz hörmət edirdim və bir rəssam kimi onun qarşısında baş əyirdim. Mən Tretyakov qalereyasına gələndə uzun illər boyu düşündüyüm və arzuladığım bir işi görməyə nail oldum. Bu, Tretyakov qalereyasında Tahir Teymuroviçin əsərlərinin parlaq retrospektivi idi. 2016-cı ildə Tahir Salahovun Tretyakov qalereyasında ilk sərgisi açıldı. Tahir Salahov böyük rəssam olmaqla bərabər, həm də qeyri-adi zahiri və daxili gözəlliyə malik, inanılmaz dərəcədə müdrik və eyni zamanda, çox təvazökar və nəzakətli adam idi”.
Z.Trequlova vurğulayıb ki, Tahir Salahov qeyri-adi sənətkar idi. Onun yaradıcılığında milli motivlər Moskvada görkəmli müəllimlərindən öyrəndikləri ilə uzlaşırdı. O, kifayət qədər erkən yaşlarında xarici ölkələrə səfər etməyə başlayıb, o dövrün dünya incəsənətini görüb.
Tahir Salahovun nəvəsi rəssam Kayxan Salahov böyük ustada həsr edilmiş “Sonsuzluq” adlı videoinstalyasiyanı təqdim edib. K.Salahov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, bu iş gənc nəslin diqqətini Tahir Salahov yaradıcılığına cəlb etməlidir.
Tədbir iştirakçılarının diqqətinə təqdim edilmiş, “Dialoq” kitabının müəllifi Raya Abbasova söhbətində bildirdi ki, Tahir Salahov ilə onun tanışlığı çoxdan başlamışdı. R.Abbasova dedi: “2000-ci illərin əvvəlində mən ondan ilk müsahibə aldım. Sonradan dəfələrlə görüşdük. Tahir Teymuroviçin 90 illiyinə həsr edilmiş kitab üzərində işləmək mənə təklif olunanda məmnuniyyətlə razılıq verdim. Tahir Teymuroviç haqqında kitab yaratmaq ideyasına görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya hədsiz minnətdaram”.
Sərginin ekspozisiyasında rəssamın şəxsi arxivlərdə saxlanılan işləri, ailə albomundan fotoşəkillər təqdim olunub.
Tədbirdə Azərbaycanın və Rusiyanın görkəmli mədəniyyət xadimləri iştirak ediblər.