FERMERLƏRİ SEVİNDİRƏCƏK XƏBƏR

“Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və konsolidasiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazirin sözlərinə görə, qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcək:

“Pilot layihələrin nəticələrinə əsasən bu təcrübə genişləndiriləcək, torpaq istifadəsinin səmərəliliyi və istehsal xərclərinin azaldılması dəstəklənəcək.

Fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün “Məhsul şəhadətnaməsi haqqında” qanunun qəbulu nəzərdə tutulur. Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək. Nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqələr güclənəcək və investisiya imkanları genişlənəcək. Beləliklə, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan normativ-hüquqi islahatlar aqrar sektorun idarə edilməsinin təkmilləşdirilməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının müasir inkişaf çağırışlarına uyğun şəkildə transformasiyasına mühüm töhfə verəcək”.