SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAŞ TƏSDİQİ BANK KARTI VƏ MOBİL NÖMRƏ İLƏ APARILACAQ

Sosial şəbəkələrdə istifadəçilərin yaşının təsdiqlənməsi bank kartı vasitəsilə (məbləğin müvəqqəti bloklanması yolu ilə), həmçinin elektron poçt ünvanı və mobil telefon nömrəsi məlumatlarının qarşılıqlı yoxlanılması əsasında həyata keçiriləcək.

Bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli İnzibati Xətalar Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsi çərçivəsində müəyyən öhdəliklər internet platformaları və xidmət provayderlərinin üzərinə də qoyulur.

“Yeniyetmələrdə asılılıq yarada bilən “infinite scroll” (sonsuz sürüşdürmə) funksiyası və videoların avtomatik oynadılması kimi manipulyativ dizayn elementlərinin tətbiqi qadağan edilir. Eyni zamanda, valideynlərə uşaqların platformalarda keçirdiyi vaxta və qarşılaşdığı məzmuna nəzarət etmək imkanı verən aktiv nəzarət panelləri təqdim olunmalıdır”, – deyə H.Hüseynli bildirib.

O qeyd edib ki, yaşın təsdiqlənməsi məqsədilə toplanan fərdi məlumatlardan yalnız bu məqsəd üçün istifadə edilməlidir.

“Uyğunluq təsdiqlənmədiyi halda həmin məlumatlar dərhal silinməlidir. Bu məlumatların reklam və digər kommersiya məqsədləri üçün istifadəsinə, eləcə də üçüncü tərəflərə ötürülməsinə yol verilmir. Bundan başqa, provayderlər zərərli məzmunu müəyyən etdikdən sonra ən gec 24 saat ərzində onu platformadan silməli və bu prosesi fasiləsiz, 24/7 rejimində fəaliyyət göstərən rəqəmsal həllər vasitəsilə təmin etməlidirlər”, – deyə o əlavə edib.