DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ PROQNOZU ÜSTƏLƏYİB

2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501,0 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 16 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265,0 milyon manat və ya 1.6 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 825,3 milyon manat təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 534,0 milyon manat təşkil edərək proqnozdan 10,0 milyon manat və ya 0.4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edərək proqnozdan 2,6 milyon manat və ya 13.3 faiz, sair daxilolmalar 352,4 milyon manat təşkil edərək proqnozdan 227,4 milyon manat və ya 181.8 faiz çox, Dövlət Neft Fondundan transfert isə 5 350,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil edərək proqnoza qarşı 72.8 faiz icra olunub.

Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 852,7 milyon manat proqnoza qarşı 13 375,2 milyon manat məbləğində icra edilib ki, bu da 96.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri 19 865,3 milyon manat, xərcləri isə 15 611,5 milyon manat məbləğində icra edilib.