
Azərbaycanda bərpa olunan enerji layihələrinin enerji sisteminə inteqrasiyası ilə bağlı genişmiqyaslı elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması və genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Dövlət satınalmalarının vahid internet portalında yer alan məlumata görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) 330 kV-luq ikidövrəli “Bankə Günəş Elektrik Stansiyası (GES) – Nəvahi yarımstansiyası (YS)” elektrik veriliş xəttinin Şıran Milli qoruğundan kənara köçürülməsi və 330 kV-luq Bankə yarımstansiyasının yerinin dəyişdirilməsi ilə bağlı əlavə işlərin icrasına start verib. Hazırda sözügedən işlərin icrası üzrə müvafiq şirkətin müəyyənləşdirilməsi prosesi aparılır.
Layihənin icrası üzrə “Azərenerji” ASC tərəfindən görüləcək işlərin dəyəri təxminən 7,3 milyon manat həcmində qiymətləndirilir.
Azərbaycanda bərpaolunan enerji potensialının genişləndirilməsi çərçivəsində 2027-ci ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması nəzərdə tutulur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–aprel aylarında ölkədə külək elektrik stansiyalarında (KES) 327,5 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 321,9 milyon kVt-saat və ya 58,5 dəfə çoxdur.
Eyni dövrdə günəş elektrik stansiyalarında 121,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,8 milyon kVt-saat və ya 6% azalma deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 322,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə istehsal həcmi 201 milyon manat təşkil edib.
Bununla yanaşı, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi (AZURE) üzrə işlər də davam etdirilir. Layihənin əsas məqsədi ölkədə inşa olunan 2 giqavat gücündə bərpaolunan enerji mənbələrinin enerji sisteminə dayanıqlı və təhlükəsiz inteqrasiyasını təmin etməkdir.
Bu məqsədlə ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşıyacaq 500/330 kV-luq “Nəvahi” Enerji Qovşağı inşa olunur. Həmin qovşaqdan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir.
Ötən il AZURE layihəsinin icrası, cari vəziyyəti və növbəti mərhələləri ilə bağlı “Nəvahi” Qovşaq yarımstansiyasında müşavirə keçirilib. “AzərEnerji” ASC-nin rəhbərliyi, Dünya Bankı və Masdar şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihənin gedişatı və qarşıda duran vəzifələr müzakirə olunub.
Layihənin birinci mərhələsi çərçivəsində “AzərEnerji”nin daxili imkanları və qismən dövlət büdcəsi hesabına “Nəvahi” yarımstansiyasının 330 kilovoltluq hissəsi, eləcə də Nəvahidən Abşerona 500 kilovoltluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin tikintisi yekunlaşmaq üzrədir. Bu mərhələnin başa çatması ilə “Bankə” və “Biləsuvar” GES-lərin enerji sisteminə qoşulması təmin ediləcək.
Layihənin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirməsi ilə “Nəvahi” yarımstansiyasının 500 kilovoltluq hissəsinin, transformator və əlaqəli avadanlıqların alınması və quraşdırılması, həmçinin “Nəvahi”dən Mingəçevirə 500 kilovoltluq, eləcə də Ələt, Abşeron və Qobu istiqamətlərinə 330 kilovoltluq ötürmə xətlərinin tikintisi planlaşdırılır. Bu mərhələnin 3 il müddətində icra olunacağı nəzərdə tutulur.
