
Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.
Bunu səhiyyə naziri Teymur Musayev Tibbi Rəqəmsal Əkiz Sisteminin təqdimat mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, bu reyestrlər vətəndaşların sağlamlıq göstəricilərinin, müalicə, peyvənd, laborator müayinə nəticələrinin, resept və digər sağlamlıq məlumatlarının vahid strukturda saxlanılmasını və səhiyyə müəssisələri arasında standartlaşdırılmış şəkildə mübadiləsini təmin edir.
“Məlumatların vahid informasiya məkanında toplanması süni intellektdən də istifadə etməklə dərin təhlil aparmağa, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarəetməyə və gələcək səhiyyə strategiyalarını inkişaf etdirməyə imkan verəcək. Rəqəmsal hökumət informasiya mühitində məlumatların bütövlüyünü təmin etmək məqsədilə tibbi məlumatların maliyyə sistemləri də daxil olmaqla digər dövlət informasiya sistemləri ilə inteqrasiyası təmin ediləcək”, – nazir qeyd edib.
O qeyd edib ki, növbəti tədris ilindən “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kurslar keçiriləcək.
“İlboyu davam edəcək təlim proqramları bütün tibb ixtisasları üzrə mütəxəssisləri əhatə edəcək və səhiyyə sisteminin rəqəmsal transformasiyasına dəstək verəcək”, – nazir qeyd edib.
Teymur Musayev həmçinin bildirib ki, rəqəmsal transformasiya güclü kibertəhlükəsizlik mexanizmləri tələb edir.
“Fərdi tibbi məlumatların qorunması, məxfiliyin təmin edilməsi və ictimai etimadın gücləndirilməsi qarşıda duran ən vacib vəzifələrdəndir. Rəqəmsal sistemlər genişləndikcə kibertəhlükəsizlik səhiyyə təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir. Bu baxımdan, rəqəmsal transformasiya təkcə səhiyyənin modernləşdirilməsinə deyil, həm də milli təhlükəsizliyə və cəmiyyətin dayanıqlığına töhfə verməkdədir”.
