
Bu gün Azərbaycanda müsəlman dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı qeyd olunur.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Hilalın görünməsi ilə bayram bu il mayın 27-nə təsadüf edib.
Şəriət qaydalarına uyğun olaraq qurban kəsimi bu gündən başlayaraq üç gün davam edə bilər. Səhər saatlarından etibarən ölkənin müxtəlif məscidlərində bayram namazları qılınır, insanlar bir-birini bayram münasibətilə təbrik edir.
Qurban bayramı paylaşmaq, yardımlaşmaq və ehtiyacı olan insanlara dəstək göstərmək bayramı hesab olunur. Din qaydalarına görə, qurbanlıq heyvan sağlam və kəsimə yararlı olmalıdır. Ən çox qoyuna üstünlük verilsə də, keçi, inək və dəvə də qurbanlıq kimi seçilə bilər. Qurban ətinin bir hissəsinin imkansız ailələrə paylanması tövsiyə olunur.
Mütəxəssislər qurban kəsiminin xüsusi ayrılmış məkanlarda, sanitariya və gigiyena qaydalarına uyğun şəkildə aparılmasının vacibliyini də xatırladır.
Qurban bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləri elan olunub. Müstəqillik Günü ilə üst-üstə düşdüyü üçün vətəndaşlar bu il bir neçə gün ardıcıl istirahət edəcəklər.
