
Əsaslı vəsait qoyuluşu hesabına Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarlarının kaskadının və 7 magistral suvarma kanalının yenidən qurulması, həmçinin Zabuxçay su anbarının tikintisi işləri başa çatdırılılıb.
Bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
Zaur Mikayılov qeyd edib ki, Sərsəng su anbarı, Aşağı Muğan, eləcə də ölkənin ən böyük magistral kanalı olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi işləri davam etdirilib, Bərgüşadçay və Həkəriçay su anbarlarının isə tikintisinə başlanılması nəzərdə tutulub.
“Bununla yanaşı, beynəlxalq maliyyə institutları cəlb edilməklə Qarabağ suvarma kanalının yenidən qurulması və Qız qalası magistral suvarma kanalının tikintisi üzrə müvafiq hazırlıq işləri görülüb. Bu işlərlə bərabər, sizin də qeyd etdiyiniz kimi, 100 min hektardan çox yeni ərazi suvarılacaq və 500 min hektara yaxın ərazidə suvarma sistemləri yaxşılaşdırılacaqdır”, – deyə ADSEA sədri bildirib.
