PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim.

Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir.

Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur.

Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası daha da güclənəcək.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

xxx
2026.05.21
16:38

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

Məktubda deyilir:

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Bu bayram xalqın azadlıq iradəsini və müstəqil inkişaf əzmini təcəssüm etdirir. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlət suverenliyini, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək, iqtisadi inkişafını sürətləndirmək yolunda inamla irəliləməkdə davam edir. Əminik ki, uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində Azərbaycan Respublikası gələcəkdə daha da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq”.

xxx
16:37

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramin Həsən Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi bildirməkdən böyük şərəf və məmnunluq duyuram.

Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biri kimi onun azadlıq və istiqlaliyyət arzularının gerçəkləşdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü ilə müqəddəs Qurban bayramının eyni vaxta təsadüf etməsi milli azadlıq ideallarının türk xalqlarının daim uca tutduğu xeyirxahlıq, mərhəmət, birlik və həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini parlaq şəkildə təcəssüm etdirərək, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin mənəvi irsinə sarsılmaz bağlılığını göstərir.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın fəal mövqeyi türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsinə, qardaşlıq ruhunun möhkəmlənməsinə qiymətli və ardıcıl töhfələr verir. Azərbaycan dövlətinin Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyətinə göstərdiyi daimi diqqət və dəstəyin təşkilatımızın inkişafında, parlamentlərarası dialoq və əməkdaşlıq platforması kimi nüfuzunun artmasında xüsusi rolunu vurğulayaraq,
Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına və Türk dünyasına davamlı sülh, rifah və tərəqqi arzulayıram”.

xxx

15:52

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Qardaş Azərbaycan Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.

Zati-alinizə hörmət və ehtiramımı ifadə edirəm”.