12 Oktyabr 2021-ci il tarixində, Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Kamerun Respublikasının xarici işlər naziri Löjön Mbella Mbella ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramovu Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edən Kamerun xarici işlər naziri, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq əhəmiyyətli təşəbbüslərini və uğurlu fəaliyyətini məmnunluqla qeyd edib.
Görüşdə nazirlər ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıblar, bu xüsusda siyasi məsləhətləşmələrin intensivləşməsinin vacibliyini qeyd ediblər.
Azərbaycan və Kamerun arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf potensialı qeyd edilib.
Görüşdə tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.