
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.
O, Naxçıvan Pedaqoji Texnikumunda təhsil alıb, sonra isə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. İkinci Dünya müharibəsinin başlanmasına görə təhsilinə davam edə bilməyən Heydər Əliyev, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub və 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. Həmin il ona general-mayor rütbəsi verilib.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
1991-1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi çalışan Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri olub və həmin ilin iyunun 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993 və 1998-ci illərdə səsvermə nəticələrinə əsasən, Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Onun prezidentlik dövrü “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın siyasi, iqtisadi və hərbi böhrandan çıxarılması üçün addımlarla başlayır. Qısa zamanda ölkəmiz inkişaf yolunda sürətlə irəliləyir və bu da Azərbaycanın bugünkü uğurlarının təməli olur.
2003-cü ilin prezident seçkilərində Ulu Öndər namizədliyini sağlamlığında olan problemlərinə görə geri götürüb.
2003-cü il dekabrın 12-də Heydər Əliyev ABŞ-nin Klivlend şəhərində xəstəxanada vəfat edib və 3 gün sonra Bakı şəhərində Fəxri xiyabanda dəfn olunub.
