PREZİDENT İLHAM ƏLİYEV: ZOR TƏTBİQ ETMƏKLƏ DÖVLƏTLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜNÜN POZULMASI QƏTİYYƏN QƏBULEDİLMƏZDİR

Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.

Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

İlk növbədə, mən Serbiya Prezidenti cənab Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkür etmək istəyirəm. Bu təşəbbüs Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirir.

1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır.

BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.

Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.

Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.

Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.