GÖMRÜKDƏ MALLARIN BURAXILIŞINA YENİ MEXANİZM TƏTBİQ OLUNACAQ

2026-cı ildə Azərbaycanda gömrükdə malların ikipilləli buraxılışı mümkün olacaq.

İlin sonunadək bununla bağlı normativ hüquqi baza hazırlanacaq.

Belə ki, Dövlət Gömrük Komitəsi 2026-cı il dekabrın 1-dək saxlanc xərclərinin azaldılması və malların istehlakçıya daha sürətli şəkildə çatdırılması nəticəsində biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq malların ikipilləli buraxılışına dair normativ hüquqi bazanın hazırlanmasını başa çatdırmalıdır.

Qeyd edək ki, malların ikipilləli buraxılış sisteminin tətbiqi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.

Konsepsiyada Nazirlər Kabinetinə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə 2026-2028-ci illərdə etibarlı tərəfdaşların gömrük ödənişlərinin ödənilməsi prosesində ikipilləli buraxılış sisteminin tətbiqi üçün beynəlxalq təcrübənin araşdırılması, malların ikipilləli buraxılışına dair normativ hüquqi bazanın formalaşdırılması və malların ikipilləli buraxılış sisteminin etibarlı tərəfdaşlara münasibətdə tətbiqinin həyata keçirilməsi tapşırılıb.