BAKIDA NƏZARƏTSİZ QALAN UŞAQLAR FACİƏYƏ SƏBƏB OLDU

Bakıda nəzarətsiz qalan azyaşlıların hərəkətə gətirdiyi avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Belə ki, Xətai rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb.

Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.

Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

BDYPİ-dən bildirilib ki, bu hadisə nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmamasının ağır nəticələrə səbəb ola biləcəyini göstərir.

“Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.
Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur”,-məlumatda qeyd edilib.