ABŞERONDA YENİ YARIMSTANSİYA TİKİLƏCƏK

 

Abşeron rayonu ərazisində yeri yarımstansiya tikiləcək.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, görləcək işlər çərçivəsində Novxanı qəsəbəsi ərazisində yerləşən mövcud 6/0,4 kV-luq 919 saylı Paylayıcı Qurğunun(PQ) əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi nəzərdə tutulur.

“Azərişıq” ASC hazırda sözügedən işlərin icrasını həyata keçirəcək şirkəti müəyyənləşdirməkdədir.

Məlumata əsasən, yeni yarımstansiyanın tikintisinin 4,1 milyon manata başa gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,347 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib. Bu göstərici 2025-ci eyni aylarındakı göstərici ilə müqayisədə 237,1 milyon kVt/saat və ya 5,2% azdır.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 4,212 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 216 milyon kVt/saat və ya 4,9% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyon manat təşkil edib.