
Müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistanın silahlı qüvvələrinə qarşı döyüşlərə ilk dəfə 1992-ci il martın 12-də başlayıb. Ümummilli Lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı Fərmana əsasən, həmin tarix Daxili Qoşunlar Günü kimi təsis olunub.
Ötən illər ərzində Daxili Qoşunlar ciddi inkişaf yolu keçərək ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində bu hərbi qurum müasir maddi-texniki baza və yüksək döyüş hazırlığı ilə seçilən güclü struktura çevrilib. Prezident, Ali Baş Komandan **İlham Əliyev**in rəhbərliyi ilə isə Daxili Qoşunların döyüş qabiliyyəti daha da gücləndirilib, infrastruktur yenilənib, müasir silah və texnikalar alınaraq şəxsi heyətin xidmət və sosial şəraiti yaxşılaşdırılıb.
Daxili Qoşunların hərbi qulluqçuları Birinci Qarabağ müharibəsi zamanı da ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak edərək böyük şücaət göstəriblər. Həmin dövrdə 9 hərbi qulluqçu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, onlardan 8-i bu ada ölümündən sonra təltif edilib. Ümumilikdə 39 nəfər müxtəlif ordenlərlə mükafatlandırılıb, yüzlərlə hərbi qulluqçu isə 1833 medala layiq görülüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 5 nəfər itkin düşüb, 1178 nəfər yaralanıb.
Atəşkəs dövründə Daxili Qoşunların fəaliyyəti əsasən ictimai təhlükəsizliyin təmin olunmasına, mühüm dövlət obyektlərinin mühafizəsinə və silahlı cinayətkarlığa qarşı mübarizəyə yönəlib. Bu illərdə hərbi qurumun tərkibində Hərbi İnstitut, təlim mərkəzləri və helikopter eskadrilyası yaradılıb, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların şəxsi heyəti döyüş əməliyyatlarında fəal iştirak edərək qələbənin qazanılmasına töhfə verib. Müharibə zamanı Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Daxili Qoşunların 4 əməkdaşına ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Vətən müharibəsindən sonra Daxili Qoşunların hərbi qulluqçuları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında polis əməkdaşları ilə birgə xidmət apararaq ictimai təhlükəsizliyin təmin olunmasına töhfə verirlər. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri zamanı isə Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid olub, 24 nəfər yaralanıb.
Hazırda Daxili Qoşunlar ictimai asayişin qorunması, strateji obyektlərin mühafizəsi və xüsusi əməliyyatların həyata keçirilməsi istiqamətində mühüm vəzifələri yerinə yetirir. Şəxsi heyətin döyüş və fiziki hazırlığının artırılması, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə mütəmadi təlimlər keçirilir. Bu hərbi qurum sabitliyin və təhlükəsizliyin etibarlı təminatçısı kimi dövlətçiliyimizin keşiyində dayanmaqda davam edir.
