OMBUDSMANIN AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ QORUNMASI HAQQINDA MƏRUZƏSİ HAZIRLANIB

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsi hazırlanıb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, il bitdikdən sonra iki aydan gec olmayaraq ombudsman illik məruzəni Azərbaycan Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

Ombudsmanın illik məruzəsi Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş qaydada 2026-cı il fevralın 24-də Azərbaycan Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.

2025-ci il üzrə məruzədə İnsan hüquqları üzrə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət orqanları, bələdiyyələr və digər qurumlar, habelə vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Məruzə Milli Məclisdə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mediada yayımlanacaq.