ERMƏNİSTAN AZƏRBAYCANLA İQTİSADİ ƏLAQƏLƏRİN MÜSBƏT NƏTİCƏLƏRİNİ ETİRAF EDİR

Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmadan sonra Azərbaycanla Ermənistan arasında normallaşma istiqamətində atılan həlledici addımlar regionun iqtisadi dirçəlişi və yeni əməkdaşlıq imkanları baxımından yüksək dəyərləndirilir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin bu günlərdə Ermənistan üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəltməsi Azərbaycanla diplomatik-siyasi əlaqələrin bərpası və ticarət münasibətlərinin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələrlə izah olunur.

Ermənistan üzrə proqnozun yaxşılaşması bir daha göstərir ki, Azərbaycanın bilavasitə təşəbbüsü və ciddi səyləri ilə yekun mərhələyə adlamış sülh prosesi qonşu dövlətin real iqtisadi göstəricilərinə ciddi təsir edir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin açıqlamasında o da vurğulanır ki, proqnozun dəyişdirilməsi geosiyasi və təhlükəsizlik mühitinin yaxşılaşacağına dair gözləntilərlə bağlıdır. Qeyd olunur ki, danışıqlar prosesində əldə olunan ciddi irəliləyiş qısamüddətli təhlükəsizlik risklərini azalda bilər. Bununla yanaşı, agentliyin ekspertləri hesab edirlər ki, davamlı və institusional sülh yalnız hüquqi qüvvəyə malik sazişin imzalanması və icrası yolu ilə mümkündür.

Ümumilikdə, müasir dünyada sabitlik və təhlükəsizlik amili investisiya reytinqinin formalaşmasında həlledici rol oynayır. Beynəlxalq reytinq agentlikləri ölkələrin kredit qabiliyyətini qiymətləndirərkən təkcə makroiqtisadi göstəricilərə deyil, həm də siyasi risklərə, münaqişə ehtimalına və sabitliyə xüsusi diqqət yetirirlər. Hərbi eskalasiya riski yüksək olan, sərhəd gərginliyi davam edən və ya daxili sabitliyi zəif olan ölkələr risk kateqoriyasına aid edilir. Buna görə də beynəlxalq qurumlar regionda yekun mərhələdə olan sülh danışıqlarını və normallaşma prosesini iqtisadi sabitliyin əsas şərti kimi qiymətləndirirlər.

Ermənistan iqtisadiyyatının yeni mərhələdə sürətli inkişafı, ölkənin uzun illər üzləşdiyi təcrid durumundan çıxaraq regional inteqrasiya proseslərinə qoşulması Azərbaycanla sülhdən əhəmiyyətli dərəcədə asılıdır: münasibətlərin məhdud müstəvidə bərpası belə qonşu ölkədə maliyyə sabitliyinə, investisiya cəlbediciliyinə və beynəlxalq kredit reytinqinə birbaşa olaraq təsir göstərib.

Məlumdur ki, qonşu ölkə işğalçı siyasəti, xüsusən də Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması səbəbindən uzun illər iqtisadi təcrid vəziyyətində olub, mühüm transmilli layihələrdə iştirak şansını itirib. Ötən il avqustun 8-də Vaşinqton şəhərində ABŞ-nin fəal vasitəçiliyi ilə əldə olunan razılaşmalar isə sülh istiqamətində həlledici addım olmaqla, bu vəziyyəti dəyişmək üçün real platformaya çevrilib. Vaşinqton razılaşmalarından sonra Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan da parlamentdə çıxışı zamanı bildirmişdi ki, sülh sazişi tam şəkildə imzalansa, ölkə mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların ciddi axınını təmin edə bilər. O, sülh şəraitində iqtisadi artım proqnozlarının yenidən nəzərdən keçirilə biləcəyini də istisna etməmişdi.

Ölkəmizin iqtisadi əlaqələrin bərpası istiqamətində atdığı addımlar – Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, bu ölkəyə neft məhsullarının ixracına başlanılması öz səmərəli nəticələrini göstərir. Atılan addımlar fonunda iqtisadi əməkdaşlıq pəncərəsi açılıb, Azərbaycanın Türkiyə və Gürcüstan kimi region ölkələri ilə yanaşı, Ermənistanın da enerji təhlükəsizliyində mühüm rol oynamaq potensialı təsdiqini tapıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin dekabr ayında Azərbaycandan Ermənistana 788,8 min, 2026-cı ilin yanvar ayında 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bunlar prosesin başlanğıc mərhələsi üçün kiçik görünsə də, əməkdaşlıq mexanizmlərinin genişlənməsi, etimad mühitinin bərpası baxımından əhəmiyyətlidir. Logistika və enerji sahəsində razılaşmaların zamanla genişlənməsi ticarət dövriyyəsinin mərhələli şəkildə yüksəlməsinə şərait yarada bilər.

Ermənistana ixrac olunan mallar arasında premium benzinin payı üstünlük təşkil edib. Azərbaycan istehsalı olan yanacağın bu ölkənin bazarına daxil olması qiymətlərin aşağı düşməsi ilə nəticələnib. 2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistan bazarında premium benzinin qiyməti təxminən 15 faiz azalaraq litr üçün 510 dramdan 430 drama enib. Dizel yanacağında 2 faizlik, adi benzində isə 8 faizə yaxın ucuzlaşma qeydə alınıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bu tendensiyanı sülh gündəliyinin konkret iqtisadi nəticəsi kimi qiymətləndirib.

Hazırda Ermənistana beynəlxalq yüklərin böyük hissəsi Gürcüstan üzərindən tranzit marşrutu ilə daşınır. Lakin Rusiyanın geosiyasi təzyiq cəhdləri və qışda hava şəraitinin əlverişsizliyi səbəbindən “Kazbeqi”–“Yuxarı Lars” gömrük-keçid məntəqəsi tez-tez bağlanır. Gürcüstanın tranzit dəhlizinin sıxlığı da yük axınlarının idarə edilməsini xeyli mürəkkəbləşdirir. Bu da müəyyən yüklərin son məntəqəyə çatdırılmasında gecikmələrə, tez xarab olan məhsulların yararsız hala düşməsinə səbəb olur.

Bütün bunların fonunda regional nəqliyyat-kommunikasiya xətlərinin bərpası Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə Zəngəzur dəhlizinin – yeni adla TRIPP layihəsinin reallaşması istiqamətində atılan addımlar Ermənistanın tranzit mövqeyini və iqtisadi durumunu ciddi şəkildə yaxşılaşdıra bilər. Bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, daha geniş coğrafiyada Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələrinin inteqrasiyasına xidmət edəcək. Ermənistan bu sistemə qoşulduğu halda, illərlə itirdiyi tranzit funksiyasını bərpa etmək imkanı qazanacaq.

“S&P Global Ratings”in məlum qərarı göstərir ki, beynəlxalq reytinq agentlikləri regiondakı müsbət dəyişiklikləri diqqətlə izləyir və sülhə doğru atılan addımları iqtisadi perspektivlərin açarı kimi qiymətləndirirlər. Bu kontekstdə o da təsdiqlənir ki, enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri və geniş ticarət şəbəkəsi Azərbaycanı Cənubi Qafqazın lokomotivinə çevirib.

MTM Analitik Qrupu