
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında baş tutan telefon danışığı iki ölkə arasındakı strateji tərəfdaşlığın növbəti təsdiqi olmaqla yanaşı, dəyişən beynəlxalq nizam fonunda Bakı-İslamabad xəttinin artan əhəmiyyətini də ortaya qoyur. Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini, Yaxın Şərqdə son prosesləri və Vaşinqtonda keçirilmiş Sülh Şurasının ilk iclasından irəli gələn nəticələri müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan və Pakistan münasibətləri ənənəvi olaraq qarşılıqlı siyasi dəstək üzərində qurulub. Pakistan Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini ardıcıl şəkildə müdafiə edib. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın ərazi bütövlüyünü dəstəkləyib. Lakin son illərdə münasibətlər təkcə siyasi bəyanat səviyyəsində qalmır. Müdafiə sənayesi, enerji, logistika və beynəlxalq təşkilatlarda koordinasiya sahələrində əməkdaşlıq genişlənir. Bu telefon danışığı göstərir ki, tərəflərin əlaqələri artıq strateji koordinasiya mərhələsinə keçib.
Xarici işlər nazirlərinin danışığnda zamanı çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanlarının müzakirəsi xüsusilə diqqətəlayiqdir. Azərbaycan son illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal Cənub ölkələri ilə əlaqələrini gücləndirib, Pakistan isə İslam Əməkdaşlıq Təşkilatında və digər platformalarda fəal rol oynayır. Bu kontekstdə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasına istinad təsadüfi deyil. Əgər bu təşəbbüs BMT-nin klassik mexanizmlərini tamamlayan alternativ təhlükəsizlik platformasına çevrilərsə, Azərbaycan və Pakistan kimi orta güclər üçün yeni diplomatik imkanlar yarana bilər. Bakı üçün bu, balanslaşdırılmış xarici siyasət xəttini daha çevik həyata keçirmək, İslamabad üçün isə qlobal təhlükəsizlik müzakirələrində daha aktiv rol almaq fürsəti deməkdir.
Yaxın Şərqdə artan gərginlik, İran-İsrail qarşıdurması riski, regional bloklaşma meylləri müsəlman ölkələrinin mövqelərinin uzlaşdırılmasını aktuallaşdırır. Azərbaycan İsraillə strateji tərəfdaşlığa malik olsa da, İslam dünyasında nüfuzunu da qoruyur. Pakistan isə daxili və regional həssaslıqları nəzərə alaraq daha ehtiyatlı, lakin prinsipial mövqe tutur. Telefon danışığında bu mövzunun müzakirəsi göstərir ki, tərəflər həm siyasi balans, həm də informasiya mübadiləsi baxımından koordinasiyanı vacib sayırlar. Xüsusilə enerji marşrutları, logistika və təhlükəsizlik riskləri fonunda Bakı ilə İslamabad arasında məsləhətləşmələrin intensivləşməsi gözləniləndir.
Regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi iki ölkə arasında müdafiə sahəsində artan əlaqələrin davamı kimi qiymətləndirilə bilər. Pakistanın hərbi sənaye potensialı, xüsusilə pilotsuz uçuş aparatları və hava qüvvələri sahəsində təcrübəsi Azərbaycan üçün maraqlıdır. Azərbaycan isə Cənubi Qafqazda sabitliyin təmin olunması və yeni kommunikasiya xətlərinin açılması prosesində əsas aktordur. Bu kontekstdə tərəflər üçün əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional təhlükəsizlik arxitekturasının formalaşmasında ortaq mövqe deməkdir.
Siyasi münasibətlər yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi hələ də potensiala uyğun deyil. Telefon danışığında ikitərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi məsələsinin vurğulanması iqtisadi və investisiya layihələrinin aktuallaşdığını göstərir. Xüsusilə enerji və neft-kimya, müdafiə sənayesi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat-logistika bu çərçivədə əhəmiyyət kəsb edir. Bu istiqamətlərdə konkret layihələrin işə salınması Bakı-İslamabad münasibətlərini yeni mərhələyə daşıya bilər.
MTM Analitik Qrupu
