
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilir ki, görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd edib və Hərbi Dəniz Qüvvələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildirib.
Hərbi prokuror görüş zamanı Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularına nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.




