
Vaşinqtonun Cənubi Qafqazda fəallaşması, “Tramp yolu” kimi təqdim edilən geosiyasi-iqtisadi təşəbbüslərin gündəmə gəlməsi və Bakı ilə strateji tərəfdaşlıq sənədinin imzalanması Moskvanı narahat etməyə başlayıb. Kremlin rəsmi ritorikası eyni qalır. Onlar düşünür ki, Qərb Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətməyə çalışır. Ancaq sual ondan ibarətdir ki, Rusiya bölgədə hansı real təsir rıçaqlarını qoruyub saxlayıb ki, onlara qarşı sistemli mübarizədən danışsın?
Rusiya Cənubi Qafqazı uzun illər “təbii təsir zonası” kimi qəbul edib. SSRİ-nin süqutundan sonra Moskvanın əsas strategiyası bölgəni dondurulmuş münaqişələr, hərbi bazalar və enerji asılılığı vasitəsilə nəzarətdə saxlamaq idi. Lakin 2020-ci ildən sonra reallıq dəyişdi. Azərbaycan 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa etdi, Ermənistanın daxili siyasi kursu dəyişdi, Gürcüstan isə onsuz da Qərb istiqamətində mövqe tutmuşdu. Rusiya isə Ukrayna müharibəsi fonunda həm hərbi, həm də diplomatik resurslarının mühüm hissəsini başqa cəbhəyə yönəltdi. Belə şəraitdə Moskvanın Cənubi Qafqazdakı nüfuzu artıq əvvəlki struktur dayaqlara söykənmir. O, daha çox keçmişin inersiyası ilə yaşamağa çalışır. Belə ki, Gürcüstan ərazisinin bir hissəsi hələ də Rusiyanın hərbi nəzarətindədir. 2008-ci il müharibəsindən sonra bu bölgələrin müstəqilliyinin tanınması Tbilisinin Moskvaya etimadını tamamilə sarsıdıb. Bu gün Gürcüstan formal olaraq Qərbə inteqrasiya yolunda tərəddüdlü siyasət yürütməyə çalışsa da, cəmiyyət səviyyəsində Rusiya faktoru təhlükə kimi qəbul edilir. İşğal faktı aradan qalxmadıqca Moskvanın Tbilisi üzərində real yumşaq güc qurması mümkün deyil. Ermənistana gəldikdə, bu ölkə uzun illər Rusiyanın ən yaxın regional müttəfiqi idi. KTMT çərçivəsində təhlükəsizlik təminatı, Gümrüdəki hərbi baza və enerji sektorundakı dominantlıq Moskvanın əsas təsir mexanizmləri sayılırdı. Ancaq 2020-ci il müharibəsindən sonra Ermənistan cəmiyyətində və hakimiyyət dairələrində ciddi məyusluq yarandı. İrəvan açıq şəkildə Qərblə əməkdaşlığı genişləndirməyə başladı, Avropa İttifaqının müşahidə missiyası Ermənistanda yerləşdirildi, Fransa və ABŞ-la təhlükəsizlik dialoqu aktivləşdirildi. Moskvanın Ermənistanda radikal qüvvələr vasitəsilə siyasi balansı dəyişməyə çalışdığına dair ittihamlar isə münasibətləri daha da gərginləşdirir. Bu fonda Rusiya artıq “təhlükəsizlik zəmanətçisi” yox, daha çox “risk amili” kimi qavranılır.
Azərbaycan uzun müddət balanslaşdırılmış xarici siyasət yürüdərək həm Moskva, həm Ankara, həm də Qərblə işləməyi bacardı. Lakin son illər hadisələrin dinamikası dəyişib. Rusiya ilə münasibətlərdə etimad problemləri dərinləşib. Xüsusilə Azərbaycanın mülki təyyarəsinin vurulması faktı ictimai şüurda ciddi iz buraxdı və bu kimi insidentlər etimad kapitalını azaldır. Eyni zamanda, Bakı enerji, nəqliyyat və təhlükəsizlik sahələrində Qərb və Türkiyə ilə əməkdaşlığı genişləndirir, Azərbaycanın geostrateji əhəmiyyətini artırır. Vaşinqtonun Cənubi Qafqazda fəallaşması, xüsusilə enerji marşrutları və nəqliyyat xətləri kontekstində, Bakının çoxvektorlu siyasətini yeni mərhələyə keçirə bilər.
Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda təhlükəsizlik, enerji və institusional islahatlar sahəsində daha sistemli və uzunmüddətli proqramlar təklif edir. Rusiya isə əsasən hərbi rıçaqlara söykənən siyasət yürüdür. Halbuki bölgə ölkələri üçün iqtisadi inteqrasiya, investisiya, texnologiya və siyasi legitimlik daha cəlbedici prioritetlərdir. Beləliklə, Moskvanın “Qərb bizim mövqelərimizi zəiflədir” ritorikası reallıqdan çox psixoloji müdafiə refleksinə bənzəyir. Əslində, Rusiya öz səhvləri və sərt güc siyasəti nəticəsində bölgədə etimadını zəiflədib. Bir sözlə, Cənubi Qafqaz artıq Rusiya periferiyası deyil. Bu, enerji marşrutlarının, Orta Dəhlizin, geoiqtisadi layihələrin kəsişmə nöqtəsidir. Bölgə ölkələri üçün əsas prioritet suverenlik və təhlükəsizlikdir. Əgər Moskva bu prioritetləri təmin etmirsə və əksinə, risk yaradırsa, Bakı, Tbilisi və İrəvan alternativ tərəfdaşlara yönələcək. Kremlin narahatlığı məhz buradan qaynaqlanır: itirilən nüfuz xarici müdaxilə nəticəsində yox, yanlış strateji seçimlərin nəticəsində zəifləyib. Cənubi Qafqaz isə artıq seçimlərini daha rasional və çoxtərəfli əsasda formalaşdırır. Bu reallıqla hesablaşmaq Moskva üçün qaçılmazdır.
MTM Analitik Qrupu
