QƏZZADA SÜLHÜ KİMLƏR QORUYACAQ?

Sülh Şurasının ilk liderlər zirvəsində Qəzzaya sülhməramlı hərbi kontingent göndərməyə razılaşan ölkələrin siyahısı məlum olub. Bunlar Qazaxıstan, İndoneziya, Mərakeş, Kosovo və Albaniyadır. Misir və İordaniya yerli polis qüvvələrinin hazırlanmasında iştirak etməyə razılıq verib. Bu qərar Qəzza üçün yeni təhlükəsizlik modelinin, yəni Qərb hərbi hegemoniyasına əsaslanmayan, daha çox regional və müsəlman ölkələrinin iştirakı ilə formalaşan mexanizmin qurulduğunu göstərir. Halbuki ənənəvi olaraq münaqişə zonalarında təhlükəsizlik mexanizmləri ya BMT mandatı çərçivəsində, ya da böyük güclərin dominantlığı altında qurulurdu. Bu isə çox zaman legitimlik böhranı yaradırdı. Qəzza məsələsində isə fərqli kompozisiya seçilib. Belə ki, müsəlman dünyasının təmsilçiləri olan Qazaxıstan, İndoneziya, və Mərakeş, həmçinin Balkan ölkələri – Kosovo və Albaniya NATO strukturları ilə təcrübəsi olan, lakin regionda birbaşa marağı olmayan aktorlardır. Misir və İordaniya isə sərhəd və təhlükəsizlik baxımından birbaşa maraqlı tərəflərdir. Bu model üç istiqamətdə – dini-mədəni yaxınlıq, regional məsuliyyət və qlobal güclərdən nisbi məsafə saxlamaq baxımından legitimlik xarakterinə malikdir.

Nəzərə almalıyıq ki,Qazaxıstan balanslı xarici siyasət yürüdən, həm Rusiya, həm Çin, həm də Qərblə münasibətlər saxlayan ölkədir. Onun iştirakı siyasi neytrallıq mesajı verir. İndoneziya dünyanın ən böyük müsəlman ölkəsi kimi Qəzza məsələsində simvolik legitimlik daşıyır. Onun iştirakı prosesə geniş islam dünyasının dəstəyini ifadə edir. Mərakeş Şimali Afrika kontekstində həm ərəb, həm də Afrika diplomatiyasında aktiv rola malikdir. Kosovo və Albaniya NATO əməliyyatları və beynəlxalq missiyalar üzrə təcrübə sahibləridir. Onların iştirakı Qərb hərbi standartlarının müəyyən qədər qorunmasına xidmət edə bilər, lakin birbaşa böyük güc görüntüsü yaratmır. Misir və İordaniya isə Qəzza ilə birbaşa təhlükəsizlik əlaqəsinə malikdir. Xüsusilə Misirin Rəfah keçidi üzərində rolu və İordaniyanın regional təhlükəsizlik təcrübəsi bu modelin real işləkliyini artırır.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Misir və İordaniya hərbi qüvvə yox, polis təlimi formatında iştirak edəcək. Bu isə iki mərhələli təhlükəsizlik konsepsiyasına işarə edir. Birincisi, keçid dövründə xarici sülhməramlı kontingent, ikincisi də paralel olaraq yerli təhlükəsizlik institutlarının formalaşdırılması. Bu yanaşma uzunmüddətli sabitlik üçün daha effektiv hesab olunur. Çünki xarici qüvvələrin daimi iştirakı legitimlik və suverenlik mübahisələrinə səbəb ola bilər.

Bu modelin ən həssas tərəfi böyük güclərin reaksiyasıdır. Çünki ABŞ və Qərb bu prosesi dəstəkləsə belə, birbaşa dominantlıqdan kənarda qalır, İranın bölgədə təsiri və qeyri-dövlət aktorları məsələsi ayrıca risk faktoru təşkil edir. Digər tərəfdən İsrailin təhlükəsizlik narahatlıqları modelin praktik tətbiqində əsas test olacaq. Əgər model uğurlu olarsa, bu, Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının yenidən dizaynı anlamına gələ bilər. Ancaq bütün hallarda Qəzzada təhlükəsizlik mexanizminin regional və müsəlman ölkələrinin iştirakı ilə qurulması klassik hərbi müdaxilə modelindən fərqli yanaşmadır. Bu, daha çox legitimlik və balans üzərində qurulmuş mexanizmdir. Əgər bu təşəbbüs uğur qazanarsa, gələcəkdə münaqişə zonalarında yeni “regional sülhməramlı modeli”nin presedenti yarana bilər. Əks halda isə, bu format yalnız keçid mərhələsi kimi tarixdə qalacaq.

MTM Analitik Qrup