AZƏRBAYCAN YENİ BEYNƏLXALQ NİZAMIN QURULMASINDA ƏSAS ROLLARDAN BİRİNİ OYNAYACAQ

Yeni dünya nizamının qurulmasında ABŞ-ın təşəbbüsü ilə yaradılan və təsisçiləri sırasında Azərbaycanın da yer aldığı  Sülh Şurasının həlledici rollardan birini oynayacağı artıq qaçılmaz proses kimi görünür. Bəllidir ki, Sülh Şurası əvvəlcə müharibədən sonra Qəzza zolağını idarə edəcək bir qurum kimi düşünülmüşdü. Lakin sonradan məlum oldu ki, təsisçilər onu daha geniş səlahiyyətlərə malik yeni beynəlxalq qurum kimi görürlər. Artıq Sülh Şurası münaqişədən təsirlənən və ya təhdid altında olan ərazilərdə sabitliyi, sülhü təşviq edən yeni beynəlxalq təşkilat kimi qəbul olunur.

Vaşinqtonda 47 ölkədən olan liderin iştirakı ilə Sülh Şurasının ilk iclasında səslənən fikirlər də qurumun yeni beynəlxalq nizamın qurulmasında rolunun artacağını göstərir.  ABŞ dövlət katibi Marko Rubionun Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxışı da bunun təsdiqi hesab edilə bilər: “Qəzzadakı vəziyyət, mövcud beynəlxalq qurumların həll edə bilmədiyi unikal bir böhrandır. Müşahidəçi dövlətlər də daxil olmaqla, burada iştirak edən bütün ölkələrin tərəfdaşlığını tələb edən yüksək dərəcədə spesifik bir həll yoluna ehtiyac var idi… Bu vəziyyət ənənəvi yanaşmalar və mövcud strukturlar çərçivəsində həll edilə bilməzdi. Buna görə də, ölkələri bir araya gətirmək və bu unikal və spesifik problemə konkret bir həll yolu hazırlamaq üçün BMT-yə müraciət etdik və bu qrupu yaratmaq üçün təsdiq aldıq… Ümid edirəm bu yanaşma digər çətin vəziyyətlərin həlli üçün bir modelə çevrilə bilər”.

Qeyd olunmalıdır ki, 2025-ci ilin noyabr ayında BMT Təhlükəsizlik Şurası Sülh Şurasına həsr olunmuş 2803 saylı Qətnamə qəbul edib. Qətnamə, digər məsələlərlə yanaşı, Şuraya Qəzzanın yenidən qurulmasını əlaqələndirmək, keçid administrasiyasına nəzarət etmək və humanitar yardımın çatdırılmasını əlaqələndirmək, eləcə də Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması səlahiyyəti verir. Ancaq təbii ki, Sülh Şurasının məqsədi yalnız münaqişələrin həlli üzərində fokuslanmayıb. Hazırda müxtəlif güclər arasında rəqabətin artması, regional münaqişələrin çoxalması, enerji və ərzaq təhlükəsizliyi problemləri, eləcə də texnoloji və iqlim çağırışları mövcud beynəlxalq nizamın dayanıqlığını sual altına alır. Bu kontekstdə Sülh Şurası ideyası yeni beynəlxalq nizamın formalaşmasında mühüm institusional platforma rolunu oynamaq iqtidarındadır. Tarixi təcrübə göstərir ki, beynəlxalq nizam adətən böyük müharibələrdən və ya qlobal böhranlardan sonra formalaşır. İkinci Dünya müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatı, eləcə də  Bretton-Vuds sistemi uzun müddət qlobal sabitliyin əsas sütunları olub. Lakin yaşadığımız əsrdə dəyişən güc balansı, yeni iqtisadi mərkəzlərin meydana çıxması və geosiyasi parçalanma bu institutların effektivliyini zəiflədir. Bu şəraitdə Sülh Şurası kimi yeni mexanizmlər mövcud strukturları tamamlayan və ya onların fəaliyyətini modernləşdirən platforma kimi çıxış edə bilər.

Yeni beynəlxalq nizamın əsas xüsusiyyətlərindən biri çoxtərəfliliklə güc siyasəti arasında balansın tapılmasıdır. Sülh Şurasının inklüziv tərkibə malik olması və yalnız bir güc mərkəzinin deyil, müxtəlif regionların maraqlarını əks etdirməsi bu qurum beynəlxalq qərar qəbuletmə prosesində etimadın artmasına mühüm töhfələr verəcəyini göstərir.  Xüsusilə Qlobal Cənub ölkələrinin burada təmsil olunmaları yeni nizamın legitimliyini gücləndirən amillərdən biri kimi qəbul olunur. Təmsilçi və təsisçi dövlətlər sırasında Azərbaycanın yer alması yeni beynəlxalq nizamın qurulmasında ölkəmizin əsas subyektlərdən biri olacağını göstərir.

Xatırlatmaq lazım gəlir ki, cari ilin il yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edib və Azərbaycanın təsisçi üzvlərdən biri olması üçün ölkəmizə dəvət ünvanlayıb. Dəvət məmnuniyyətlə qəbul edilib və Bakı Vaşinqtonu Sülh Şurasının təsisçi üzvü olmaq niyyəti barədə məlumatlandırıb. Yanvarın 22-də Davosda Prezident İlham Əliyev “Sülh Şurası Xartiyası”nın imzalanma mərasimində iştirak edib. Qeyd edildiyi kimi fevralın 19-da Vaşinqton şəhərində Prezident İlham Əliyevin də qatıldığı Sülh Şurasının ilk iclası keçirilib, dövlət başçısı tərəfindən  Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnaməyə imza atılıb.

Əsas qərarlardan biri Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibinin elan edilməsi ilə bağlıdır. Trampın sözlərinə görə, İndoneziya, Mərakeş, Albaniya, Kosovo və Qazaxıstan Qəzzada asayişi qorumaq üçün qoşun və polis göndərəcəklər. Kontingentə ABŞ-dan olan general-mayoru Kasper Ceffers rəhbərlik edəcək. Beynəlxalq Sabitləşdirmə Qüvvələri 20 min əsgər və 12 min polis əməkdaşından ibarət olacaq. İndoneziya burada əsas iştirakçı olacaq. Sözügedən ölkənin Prezident Prabovo Subianto Qəzzaya ölkəsi tərəfindən 8 min hərbçinin göndəriləcəyini bildirib.

Perspektivdə Sülh Şurasının fəaliyyətinin daha geniş coğrafiyanı əhatə etməsi gözlənilir. Sülh Şurasının mümkün rolunun ilk növbədə preventiv diplomatiyanın institusional çərçivəsinin gücləndirilməsində özünü göstərəcəyi ehtimal edilir. Mövcud beynəlxalq sistem çox vaxt münaqişələr baş verdikdən sonra hadisəyə reaksiya verir. Halbuki yeni nizam erkən xəbərdarlıq, vasitəçilik və qarşıdurmaların ilkin mərhələdə neytrallaşdırılması üzərində qurulmalıdır. Bu baxımdan Şura siyasi dialoq, vasitəçilik missiyaları və böhran idarəetmə mexanizmləri vasitəsilə münaqişələrin genişlənməsinin qarşısını ala bilər. qeyd edilən fonda ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi fikirlər də xüsusi diqqət cəlb edir: “Sülh Şurası səlahiyyət və nüfuz baxımından ən əhəmiyyətli strukturdur… Sülh Şurası demək olar ki, BMT-yə nəzarət edəcək və onun düzgün işləməsini təmin edəcək”.

Digər mühüm istiqamət beynəlxalq hüququn möhkəmləndirilməsidir. Son illərdə bir sıra regionlarda güc tətbiqi və birtərəfli addımlar beynəlxalq hüququn selektiv tətbiqi ilə müşayiət olunur. Sülh Şurası üçün beynəlxalq hüquq normalarının qorunması prioritetdir.  Bununla yanaşı, Sülh Şurasının təhlükəsizlik məsələlərini inkişaf gündəliyi ilə əlaqələndirən platforma kimi çıxış edəcəyi gözlənilir. Ümumiyyətlə, bu və digər məqamlar Sülh Şurasının yeni beynəlxalq nizamın formalaşmasında potensial olaraq normativ, diplomatik və institusional rol oynayacağını deməyə əsas verir. Müasir dünyanın çoxqütblü və dəyişkən xarakteri fonunda belə bir platforma həm mövcud institutların tamamlanması, həm də yeni təhlükəsizlik arxitekturasının qurulması baxımından mühüm vasitə kimi çıxış edəcək. Başqa sözlə, Sülh Şurasının qlobal sabitliyin qorunmasında və yeni beynəlxalq nizamın daha ədalətli əsaslar üzərində formalaşmasında əhəmiyyətli rol oynayacağı proqnozlaşdırılır. Təsisçi üzvlərdən biri kimi prosesdə aktiv rol oynayacaq ölkələrdən biri isə məhz Azərbaycan olacaq.        

MTM Analitik Qrup