AZƏRBAYCAN XİN RƏHBƏRİ ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİNİ CƏBHƏDƏ BAŞ VERƏNLƏRLƏ BAĞLI MƏLUMATLANDIRIB

Sentyabrın 27-də Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.