AZƏRBAYCANLA SÜLH VƏ ƏMƏKDAŞLIQ SİYASƏTİ ERMƏNİSTANDA MÖVCUD HAKİMİYYƏTİN PARLAMENT SEÇKİLƏRİNDƏ QƏLƏBƏ ŞANSINI YÜKSƏLDİR

Ermənistanda parlament seçkilərinə üç aydan bir qədər çox vaxt qalsa da, qanunverici orqanda təmsil olunmaq istəyən qüvvələr artıq proseslə bağlı intensiv hazırlıqlar həyata keçirirlər. Bu kontekstdə ölkədə əsas siyasi qüvvələri təkcə parlamentə deyil, həm də baş nazirliyə namizədlərini irəli sürməyə başlayıblar.

Seçkilərin nəticələri Ermənistanın gələcək taleyinin müəyyən olunmasında, bu ölkənin son altı ayda olduğu kimi regionda sülh şəraitində yaşaması və ya yenidən nifaq mənbəyinə çevrilməsini də müəyyən edəcək. Revanşist qüvvələrin indiki hakimiyyətə qalib gələcəyi halda Ermənistanın yenidən xaosa və yeni savaşlar burulğanına yuvarlanması, Rusiyanın təsir orbitinə qayıtması, Qərbyönlü kursdan dönməsi qaçılmaz hesab edilir. Amma rəy sorğuları revanşistlərin, eləcə də Rusiyayönlü  qüvvələrin şansının elə də yüksək olmadığını göstərir. Bunu həmin qüvvələr özləri də bilir və elə bu fonda birləşərək parlament seçkilərində qalib gəlmək niyyətindədirlər.

Hakim Vətəndaş Sazişi Partiyası belə vəziyyətdə müxalifət meydanında baş verən dəyişiklikləri narahatlıqla izləyir. Partiyanın idarə heyətinin üzvü, parlamentin sədr müavini Ruben Rubinyan bildirib  ki, müxaliflərin planı çox sadədir: “Seçkilərdə üç qüvvə ilə iştirak etmək, hətta proses zamanı “bir-birimizlə heç bir əlaqəmiz yoxdur” deyərək, sonra koalisiya yolu ilə və ya bir-birlərinə səs verməklə hakimiyyəti ələ keçirmək arzusundadırlar”. Rubinyan əmindir ki, ikinci prezident Robert Köçəryanın, milyarder iş adamı Samvel Karapetyanın və Çiçəklənən Ermənistan Partiyasının lideri Haqik Tsarukyanın rəhbərlik etdiyi qüvvələr ümumxalq seçkilərində Gümrü planını həyata keçirməyə çalışacaqlar. Xatırlatmaq lazım gəlir ki, müxalifət birləşib Gümri merliyi uğrunda son seçkilərdə hakimiyyəti məğlub edə bilib.  İndi müxaliflər eyni ssenarini parlament seçkilərində də təkrarlamaq niyyətindədirlər. Bu baxımdan Köçəryana bağlı bəzi qüvvələrin Çiçəklənən Ermənistan Partiyasına transferi təsadüf hesab olunmur. Ruben Rubinyan da qeyd edir ki, kollektiv müxalifətin planı bütün Ermənistanda Gümrü ssenarisinin təkrarıdır: “Bunu Köçəryanın özü də, rusiyalı oliqarxın komandası deyir və indi, əslində, Tsarukyan da buna qoşulur”. Öz növbəsində Çiçəklənən Ermənistan Partiyasına başqa qüvvələr də qoşulub.
Suren Surenyantsın rəhbərlik etdiyi “Demokratik Alternativ”,  Andranik Tevanyan  lideri olduğu Ana Ermənistan Partiyası Tsarukyanın “Ermənistana Təklif” proqramı çərçivəsində seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.

Qeyd olunmalıdır ki, Andranik Tevanyan 2021-ci ildə  Robert Köçəryanın rəhbərlik etdiyi müxalifət “Hayastan” fraksiyasının üzvü olub. Lakin o, 2023-cü ildə parlament mandatından imtina edib və rəhbərlik etdiyi qüvvə İrəvan Ağsaqqallar Şurası seçkilərində iştirak edərək 12 mandat alıb. Keçən il Gümrü və Vaqarşapat bələdiyyə seçkilərində Tevanyanın qüvvələri keçid həddini aşaraq hər iki şəhərdə 2 mandat qazanıb. Köçəryanın keçmiş müttəfiqi indi Nikol Paşinyanın administrasiyasını devirmək üçün Haqik Tsarukyanla birləşib. Erməni mediası Vətən Partiyasının lideri Artur Vanetsyanın da Tsarukyanla birlikdə vahid siyahı üzrə  seçkilərdə iştirak edə biləcəyi barədə məlumatlar yayıb.

Müxalif düşərgədə daha bir güclü tərəf “Güclü Ermənistan”ın lideri, Rusiya və Kipr vətəndaşlığını daşıyan milyarder iş adamı Samvel Karapetyandır.  Ev dustaqlığında olan iş adamının siyasi komandası 7 iyun seçkilərində səs çoxluğu qazanmaq, baş nazirliyə namizədlə bağlı Konstitusiyanın 148-ci maddəsini dəyişdirmək və Samvel Karapetyana baş nazir olmaq imkanı vermək niyyətindədir. İndilikdə isə Karapetyan bir neçə ölkənin vətəndaşı olduğu üçün nə baş nazir, nə də parlamentə namizəd ola bilər. İkinci prezident Robert Köçəryana bağlı qüvvələr də seçkilərdə müxalifəti təmsil edənlər sırasında olacaq. Köçəryan özü məsələ ilə bağlı daha əvvəl bildirib: “Görürəm ki, müxalifət meydanı seçkilərə üç, maksimum dörd böyük blokla gedə bilər”. Üçüncü prezident Serj Sarkisyanla əlaqəli qüvvələr seçkilərdə ayrıca qüvvə kimi çıxış edə biləcəklərini istisna etmir. Birinci prezident Levon Ter-Petrosyanın komandası isə Samvel Karapetyanın tərəfdarlarına qoşula biləcəklərini mümkün sayırlar.

Hakimiyyət bu durumda  müxalifətin planının əməkdaşlıq yolu ilə iqtidarı ələ keçirmək olduğuna əmindir. Ruben Rubinyan bu kontekstdə bildirir: “Ölkəmizdə ədalət və sülhü bərqərar etmək üçün çoxlu qurbanlar vermişik və indi, onları dönməz hala gətirmək ərəfəsində olduğumuz zaman, Köçəryan və iki oliqarxın nailiyyətlərimizi tapdalamasına imkan verməməliyik”. Nikol Paşinyan özü bu yaxınlarda 7 iyun parlament seçkilərindən sonra Ermənistanda siyasətlə məşğul olan keçmiş prezidentlərin və ya oliqarxların olmayacağını açıqlayıb.

O da qeyd olunmalıdır ki, Vətəndaş Sazişi Partiyası parlament seçkiləri üçün namizəd seçiminin birinci mərhələsini başa çatdırıb. 932 nümayəndə öz aralarından 50 nəfəri seçki siyahısına daxil etmək üçün seçib. Onların siyahısına  Nikol Paşinyan rəhbərlik edib. Seçilmiş 50 üzvün mart ayında kampaniya aparması planlaşdırılır və bundan sonra onların partiya yoldaşları sözügedən şəxslərdən hansının Ermənistanın baş naziri olmağa ən layiqli olduğuna qərar verəcəklər. Rəy sorğuları hələlik hakimiyyətin yenidən parlament seçkilərində qalib gəlmək şansının yüksək olduğunu nümayiş etdirir. Ötən ilin dekabr ayında keçirilən “Gallup” sorğusuna görə, Samvel Karapetyana bağlı qüvvələri ermənilərin yalnız 7,5 faizi dəstəkləyir. Digər erməni oliqarx Haqik Tsarukyanla bağlı qüvvələr cəmi 4,5 faiz dəstəyə malikdir. Robert Köçəryanla əlaqəli qüvvələrə dəstək də ikirəqəmli deyil. Digər müxalif qüvvələr isə daha az reytinqə malikdirlər. Bu şəraitdə Paşinyan və komandasının qalib gəlmək şansları daha yüksəkdir. Bunu şərtləndirən əsas nüanslardan biri Ermnistanda mövcud hakimiyyətin xalqa Azərbaycanla münasibətlərdə sülh vədləri verməsi, əməkdaşlıq üçün müvafiq addımlar atmasıdır. Erməni cəmiyyəti Azərbaycanla əlaqələrin normallaşması, ticari münasibətlərin qurulmasının dividendlərini indidən görür. Bu da onların parlament seçkilərində seçimlərinin müəyyənləşdirilməsinə təsirsiz ötüşmür.

MTM Analitik Qrup