BAKIDAN BELQRADA STRATEJİ KÖRPÜ – AZƏRBAYCAN VƏ SERBİYA ARASINDA YENİ DÖVR

Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin təməli 1997-ci ildə atılıb. Amma iki ölkə arasındakı münasibətlərin ciddi inkişafı 2000-ci illərdən sonraya təsadüf edir. 2011-ci ildə Cənab İlham Əliyevin Serbiyaya ilk rəsmi səfəri və Belqradda görkəmli dramaturq Üzeyir Hacıbəylinin abidəsinin açılışı artıq münasibətlərdə ciddi dinamikanın olduğunu ortaya qoydu. Növbəti dövrdə isə Serbiya prezidentlərinin Bakıya səfərləri iki ölkə arasındakı siyasi etimadı sarsılmaz hala gətirib. Serbiya və Azərbaycan arasında münasibətlər 2013-cü ildə imzalanan “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə daha da möhkəmlənib və beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edən sadiq müttəfiqlik nümunəsinə çevrilib. 2022-ci ildə İlham Əliyevin Serbiyaya səfəri zamanı “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum” imzalanıb. Bu isə o deməkdir ki, münasibətlər ən yüksək zirvəsinə çatıb və Azərbaycanın Balkanlarda, Serbiyanın isə Cənubi Qafqazda ən etibarlı dayağını formalaşdırıb.

Prezident İlham Əliyevin də Münhen Təhlükəsizlik Konfransında iştirakdan sonra Serbiyaya səfər etməsinə iki ölkə arasındakı münasibətlərin inkişafı konseptindən baxmaq lazımdır. Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının birinci iclası iki ölkə arasındakı münasibətlərin sadəcə dostluq deyil, həm də institusional müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Bu əməkdaşlıq Balkan regionunda Azərbaycanın təsir dairəsinin genişlənməsi və hər iki ölkənin milli maraqlarının tam üst-üstə düşməsi üzərində qurulub.

İki ölkə arasındakı münasibətlərin sarsılmaz təməlini qarşılıqlı suverenliyə hörmət təşkil edir. Həm Azərbaycan, həm də Serbiya separatizm meyllərindən və ərazi bütövlüyü poblemindən əziyyət çəkən tərəflər kimi beynəlxalq arenada da bir-birini dəstəkləyir. Cənab İlham Əliyevin səfəri zamanı bir daha vurğulandı ki, Bakı və Belqrad beynəlxalq hüququn prinsiplərini heç bir “ikili standart” olmadan müdafiə edir. Bu siyasi vəhdət iki ölkəni həm Avropa strukturlarında, həm də qlobal platformalarda ortaq blok kimi çıxış etməyə sövq edir.

İlham Əliyevin Belqrad səfərinin ən mühüm məqamlarından biri də iqtisadi nəticədir və bu özünü enerji sahəsindəki əməkdaşlıqla ortaya qoyur. Azərbaycan artıq Serbiyanın sadəcə təbii qaz təchizatçısı deyil, həm də bu ölkənin daxili enerji infrastrukturunun əsas oyunçusuna çevrilir. Serbiyada birgə tikilməsi planlaşdırılan qaz-turbin elektrik stansiyası layihəsi Azərbaycanın xaricdəki enerji investisiyalarının miqyasını göstərir. Bu, Serbiyanın enerji asılılığını azaldır, Azərbaycanın isə “yaşıl enerji” və ənənəvi resurslarla Avropa bazarında mövqeyini sementləyir. İmzalanan sənədlər göstərir ki, Bakı Belqradı Cənub Qaz Dəhlizinin və gələcək elektrik enerjisi xətlərinin mərkəzi qovşağına çevirməkdə qərarlıdır.

Azərbaycanla Serbiya arasında uzun müddətdir davam edən hərbi sahədə tərəfdaşlıq və əməkdaşlıq da bu səfərlə yeni mərhələyə qədəm qoydu. Serbiyanın istehsal etdiyi müasir artilleriya sistemlərinin Azərbaycan ordusunun arsenalına daxil olması və bu sahədə birgə istehsal imkanlarının müzakirəsi bu dəfə əsas hədəflərdən biri oldu. Belə bir məsələnin müzakirə edilməsi də Bakı-Belqrad münasibətlərində əməkdaşlığın dərinliyindən xəbər verir. Bu, sadəcə alış-veriş deyil, hərbi texnologiyaların paylaşılması və müdafiə qabiliyyətinin birgə artırılması deməkdir. Belqrad Azərbaycan üçün Avropada ən etibarlı hərbi tərəfdaşlardan birinə çevrilib.

Maliyyə, səhiyyə sığortası, qida təhlükəsizliyi və mədəniyyət sahələrində imzalanan genişmiqyaslı sənədlər paketi Azərbaycan kapitalının Serbiya iqtisadiyyatına daha böyük həcmdə daxil olacağından xəbər verir. Serbiya hərbi orkestrinin ifasında səslənən “Ay Laçın” mahnısı isə bu soyuqqanlı strateji maraqların arxasında duran səmimi mənəvi bağı simvolizə edirdi.

Yekun olaraq qeyd etmək olar ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycanın Avropadakı diplomatik şəbəkəsini daha da möhkəmləndirdi. Serbiya ilə qurulan bu “Strateji Şura” modeli göstərir ki, Azərbaycan artıq sadəcə regional lider deyil, həm də beynəlxalq enerji və təhlükəsizlik arxitekturasında söz sahibi olan, Avropanın mərkəzində mühüm müttəfiqləri olan bir dövlətdir. Bakı və Belqradın yaratdığı bu tandem Cənubi Qafqaz və Balkanlar arasında yeni bir stabillik oxu formalaşdırır.

MTM Analitik Qrup