
Azərbaycanda gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev onları ölkəmizin gələcək qurucuları adlandırır, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Uzaqgörən siyasətçi kimi Heydər Əliyev bilirdi ki, yaxın gələcək Azərbaycan gəncliyinin önündə böyük yollar açacaq. Azərbaycan dövlətinin həyata keçirəcəyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün münbit şərait yaradacaq. Bu naliyyətlərin tam uğurunu təmin etmək üçün isə ilk növbədə gənclərdə mənəvi bütövlüyün qorunub saxlanılması başlıca amildir. Odur ki, Ulu Öndər gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığı təbliğ edərək onların öz soyköklərinə hər zaman diqqət göstərmələrinin vacibliyini bəyan edirdi. O, deyirdi ki, “Hər bir gənc öz kökünə sadiq olmalıdır, hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir”. Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin təməlində dayanan mühüm amillərdən biri də onların vətənə, xalqa bağlı olması idi. Ulu öndər gənclərlə hər görüşündə bu məsələyə toxunur, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirirdi. O, Azərbaycançılıq ideologiyasından bəhrələnərək gənclərimizi torpaqlarımızın bütövlüyü və suverenliyimiz uğrunda hər zaman mübarizəyə hazır olmağa səsləyirdi.
Azərbaycanda gənclərə qayğı Prezident İlham Əliyevin də fəaliyyətinin əsas istiqamətlərindən olub. Dövlət başçısı işi və şəxsi keyfiyyətləri, intellekti, vətənpərvərliyi, milli dəyərlərə bağlıllğı yüksək olan gənclərimizi hər zaman önə çəkib, milli düşüncəyə, dövlətçilik təfəkkürünə, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənc nəslin yetişməsini prioritet elan edib. 2006-cı ildə Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yenidən təşkil olunması, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələrin qoyulması tarixi hadisə idi. 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramlarıın uğurlu icrası müsbət nəticələri ilə yadda qalıb. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gəncliyin rifahına hesablanan dövlət qayğısının daha bir nümunəsi idi.
2020-ci ilin payızı Azərbaycan tarixində yalnız hərbi qələbə ilə deyil, milli ruhun, vətəndaş məsuliyyətinin və gənclik fədakarlığının təntənəsi kimi yadda qaldı. 44 gün davam edən Vətən müharibəsi göstərdi ki, müasir Azərbaycan gəncliyi təkcə texnologiyanı bilən, dünyaya açıq bir nəsil deyil, eyni zamanda Vətən çağırışı qarşısında tərəddüd etməyən, milli dəyərlərə sadiq bir gücdür.
Müharibənin ilk günlərindən minlərlə gənc könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciət etdi. Onların arasında tələbələr, müəllimlər, mühəndislər, həkimlər, jurnalistlər, idmançılar vardı. Bu gəncləri birləşdirən əsas amil torpağın işğaldan azad olunması, 30 illik ədalətsizliyə son qoyulması və Azərbaycanın suverenliyinin bərpası idi. Onlar üçün Vətən anlayışı real məsuliyyət hissinə çevrilmişdi.
Azərbaycan gəncliyi müharibədə yalnız say üstünlüyü ilə deyil, peşəkarlıq, intizam və yüksək mənəvi ruhla fərqləndi. Müasir hərbi texnologiyaların tətbiqi, əməliyyatların dəqiqliyi və çevikliyi gənc zabit və əsgərlərin hazırlıq səviyyəsini açıq şəkildə nümayiş etdirdi. Eyni zamanda, ön xətdə döyüşən gənclər arxa cəbhədəki həmyaşıdlarının informasiya müharibəsində göstərdiyi fəallıqla tamamlandı. Sosial şəbəkələrdə həqiqətlərin dünyaya çatdırılması, dezinformasiyaya qarşı mübarizə də gəncliyin üzərinə düşən mühüm missiya oldu.
Bu müharibə Azərbaycan gəncliyi ilə bağlı uzun illərdir aparılan məqsədyönlü dövlət gənclər siyasətinin nəticəsi olduğunu sübut etdi. Milli kimlik, tarixə hörmət, dövlətə bağlılıq anlayışları real sınaq anında davranışa çevrildi. Gənclər Vətən uğrunda canından keçməyin yalnız şüar deyil, ali dəyər olduğunu əməlləri ilə göstərdilər.
Vətən müharibəsində şəhid olan minlərlə gənc Azərbaycanın azadlığına öz həyatları ilə möhür vurdu. Onların hər biri bir ailənin övladı olmaqla yanaşı, bütöv bir xalqın qüruruna çevrildi. Bu qəhrəmanlıq nümunəsi gələcək nəsillər üçün mənəvi örnək, müstəqil Azərbaycanın isə sarsılmaz dayağıdır. Azərbaycan gəncliyi Vətən müharibəsində sübut etdi ki, müasirliklə milli ruh bir-birinə zidd deyil. Əksinə, bu vəhdət xalqı tarix yaradan gücə çevirir. Qazanılan Qələbənin arxasında məhz bu gəncliyin cəsarəti, inamı və Vətənə sədaqəti dayanır.
MTM Analitik Qrup
