
Xəzər dənizinin səviyyəsindəki dalğalanmalar həmişə sahilboyu ölkələrdə iqtisadi mexanizmlərin yenidən qurulmasına gətirib çıxarır ki, bu da hər zaman milyardlarla dollarlıq xərclərə səbəb olur. Bəllidir ki, 1930-cu ildən başlayaraq Xəzər dənizinin səviyyəsi sürətlə enməyə başladı və bu tendensiya 1977-ci ilə qədər davam etdi. Həmin dövrdə dənizin səviyyəsi 3 metrdən çox aşağı düşdü. Bu, dənizin intensiv geri çəkilməsinə və sahil zonasında suların dayazlaşmasına səbəb oldu. Sahil qurğularının normal fəaliyyəti pozuldu və bu da onların mövcudluğunu təhlükə altına aldı. Geri çəkilən dənizin arxasındakı bütün iqtisadiyyat yenidən qurulmalı idi: liman və lövbər qurğuları, iri tonnajlı yük gəmiləri üçün sualtı kanallar və sair.
Sözügedən dövr ərzində sahil yaşayış məntəqələri dənizə daha yaxın hissələrə köçürüldü. Üstəlik, bütün sahil qurğuları Xəzər dənizinin gələcəkdə səviyyəsinin mümkün dəyişməsi nəzərə alınmadan suların geri çəkildiyi yeni quru ərazilərdə yerləşirdi. Bu, prosesdən dərhal faydalar götürmək istəyi ilə bağlı idi, çünki qurğuların düz sahil ərazisində yerləşdirilməsi torpaq planlaşdırması, kommunal xidmətlərin tikintisi və digər məqələlərlə bağlı böyük xərclər tələb etmirdi. Amma 1978-ci ildən başlayaraq Xəzər dənizinin səviyyəsi kəskin şəkildə qalxmağa başladı və dəniz quruya doğru irəliləyərək çoxsaylı yaşayış məntəqələrinin və müxtəlif obyektlərinin mövcudluğunu təhlükə altına aldı. Araşdırmalar göstərir ki, 1978-ci ildən 1995-ci ilə qədər suyun səviyyəsi 2,4 metr artıb. Lakin 1995-ci ildən bəri daha Xəzərin səviyyəsində növbəti eniş müşahidə olunur və suyun səviyyəsi sürətlə davam edir. Bu dəyişikliklər alimləri indi daha çox narahat edir, çünki Xəzər dənizinin səviyyəsi bundan sonra da düşə bilər.
O da qeyd olunmalıdır ki, son onilliklərdə alimlər Xəzər dənizinin niyə kiçildiyini izah edən çoxsaylı nəzəriyyələr irəli sürüblər. Son beş ildə Volqa çayının nisbətən aşağı illik axını fonunda xüsusilə kəskin azalma burada əsas səbəblərdən biri kimi göstərilir. Amma əksər alimlər hazırda dənizin səviyyədindəki dalğalanmaları qlobal hidrometeoroloji proseslərlə, məsələn, iqlim dəyişikliyi ilə də əlaqələndirirlər. Lakin başqa nəzəriyyələr də mövcuddur. Məsələn, bir fərziyyəyə görə, dayazlaşmanın səbəbi Xəzər dənizinin şərqində Türkmənistan ərazisində laqun mənşəli körfəz olan Qara-Boğaz-Göldür. İddia olunurdu ki, bu körfəz dənizdən suyu udur və geri qaytarmır. 1980-ci illərdə dənizi körfəzdən ayırmaq üçün bir bənd tikildi. Bundan sonra körfəz demək olar ki, qurudu və yerində səhra qaldı. Nəticədə ərazidə duz fırtınaları başladı, yüzlərlə kilometrə yayıldı, məhsulu məhv etdi və havanı zəhərlədi. Bundan sonra 1992-ci ildə bənd söküldü, Qara-Boğaz-Göl dirçəldi və ekosistemi bərpa edildi. Xəzər dənizindəki su da bəndin sökülməsi ilə əlaqəsi olmadan qalxmaqda davam etdi. Bundan sonra dənizin səviyyəsinin dəyişməsinin hidrometeoroloji proseslərə daha sıx bağlı olması təsdiqləndi.
Məlumdur ki, hidrometeoroloji proseslər mürəkkəb amillər toplusudur. Burada ilk növbədə iqlim dəyişikliyi nəticəsində hava temperaturunun yüksəlməsi dənizdə buxarlanmanı artırır. İqlim dəyişikliyi yağıntılara da təsir göstərir. Yağıntıların miqdarının azalması həm Xəzər dənizinin özündə, həm də ona axan çaylarda suyun həcminə mənfi təsirə malikdir. Digər tərəfdən Xəzər dənizində buxarlanmaya temperaturun artması ilə yanaşı, üstünlük təşkil edən küləklərin istiqaməti də təsir edir. Əgər küləklər şərqdən, Orta Asiya səhralarından əsərsə, hava xeyli isinir və Xəzər dənizində suyun temperaturunu yüksəldir bu da onun daha sürətlə buxarlanmasına səbəb olur. Əgər küləklər şimaldan və ya şimal-qərbdən əsərsə, buxarlanma azalır.
Daha bir nüans odur ki, Xəzər dənizində suyun 80 faizini çaylar təmin edir. Bunun da yenə 80 faizi Volqa çayının payına düşür. Son 15 ildə Volqadan Xəzər dənizinə suyun daxil olması əhəmiyyətli dərəcədə azalıb. Oxşar proseslər Xəzərə axan digər çaylarda da baş verir. Çaylar təkcə iqlim dəyişikliyindən deyil, həm də su istehlakından təsirlənir. Su hövzələrində daha çox su anbarı tikilir, suvarma üçün daha çox su istifadə olunur və buna görə də çayların sularının böyük bir hissəsi Xəzərə çatmır. Volqa çayının timsalnda bunun əyani nümunəsini görmək mümkündür. Nəticədə dənizin dayazlaşması səbəbindən sahillər yenə sürətlə dəyişir və Xəzərin şimalında özünü daha qabarıq büruzə verir. Son 30 ildə dəniz şimal hissəsində əhəmiyyətli su sahələrini itirib və yeni quru ərazilər yaranıb. Bütün bunlar Xəzərin fauna və florasına ciddi təsir edir, ekosistemlər pozulur. Baş verənlər su nəqliyyatı və dəniz logistikası üçün problemlər yaradır, balıqçılıq ciddi təhdid altına düşür.
Təbii ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsinin bütün aspektlərini anlamaq yalnız sahilyanı dövlətlərin səylərini birləşdirməklə mümkündür. Eyni zamanda məsələyə beynəlxalq aləmin diqqətinin daha çox cəlb edilməsi də mühümdür. Bu istiqamətdə Azərbaycan tərəfindən müvafiq addımlar atılır. BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, “Caspisnet” elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələrinin təşkili bunun daha bir təzahürüdür.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirin rəsmi hissəsində Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib. Leyla Əliyeva vurğulayıb ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi prosesləri vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədiyi təqdirdə daha ciddi nəticələrə gətirib çıxara bilər. O, tədbir iştirakçılarını Xəzər dənizi ilə bağlı müzakirələri real nəticələrə gətirən konkret addımlarla davam etdirməyə çağırıb. Panel müzakirələrdə məruzəçi kimi çıxış edən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri, okeanoloq, xəzərşünas Elnur Səfərov bildirib ki, Xəzər dənizinin problemlərinə həsr olunmuş panel müzakirələrdə istər BMT qurumları, istər alimlər, istərsə də müxtəlif təşkilatların iştirakı ilə maraqlı fikir mübadiləsi aparılıb: “Xüsusilə də Leyla Əliyevanın bu tədbirə qatılması və bu işlərin mərkəzləşdirilmiş formada təşkil etməsi çox təqdirəlayiq haldır. Xəzərlə bağlı çoxlu toplantı və iclaslar olur, lakin nəticələrə gələ bilmirik. Bu gün isə biz real faktlar əsasında Xəzər dənizinin ekoloji problemləri – səviyyənin dəyişməsi fonunda digər çirklənmə və biomüxtəliflik problemlərinə toxunduq”. BMT-nin Ətraf Mühit Proqramının Qlobal Resurs İnformasiya Məlumat Bazasının direktoru Paskal Peduççi isə qeyd edib: “Xəzər dənizində suyun səviyyəsinin azalmasına səbəb olan amilləri anlamaq çox vacibdir. Bu sahədə yaxşı elmi anlayışımız var. Ən doğru addımları ata bilmək üçün məlumatları və informasiyanı paylaşmalıyıq ki, Xəzər dənizinin davamlı inkişafı üçün düzgün yol müəyyən edək”. Onun sözlərinə görə, Xəzər dənizi ilə bağlı fəaliyyətə keçməyin vaxtıdır: “Artıq görürük ki, Xəzər dənizi kiçilir, su səviyyəsi aşağı düşür. Suyun səviyyəsi azalır və əgər bu azalma səkkiz metrə çatsa, Xəzər dənizinin üçdəbirini itirəcəyik. Bu, əlbəttə ki, getmək istədiyimiz yol deyil”.
Istənilən halda Xəzərlə, onun səviyyəsi, ekosistemi ilə bağlı yaranan problemlərin həlli üçün müvafiq tədbirlər ləngimədən həyata keçrilməlidir. Azərbaycan bunun üçün bütün zəruri addımları atmağa hazırdır və müvafiq təşəbbüslər də irəli sürür. Digər sahilyanı ölkələrin, eləcə də beynəlxalq ictimaiyyətin də aktiv fəaliyyətə keçməsi mühümdür. Əks halda Xəzərdən qaynaqlanan problemlərdən təkcə sahilyanı ölkələr yox, Yer kürəsinin bir çox dövlətləri zərər görəcək.
MTM Analitik Qrup
