
Yaxın Şərqdə hadisələrin inkişaf axarı ABŞ-ın yaxın günlərdə İrana zərbə endirəcəyi ehtimalının artacağını göstərir. Öz növbəsində İran da mümkün cavab zərbələrinə intensiv hazırlıq görür. Bütün bunlar fonunda hazırda İran ətrafında cərəyan edənlər Azərbaycan da daxil olmaqla ilk növbədə İrana qonşu olan ölkələrin xüsusi həssaslıqla izlədiyi məsələdir. Çünki İrana qarşı əməliyyatlar uzun müddət davam edərsə, o halda münaqişənin təsirləri regionda özünü qabarıq şəkildə hiss etdirəcək, xüsusən də bu halda qonşu ölkələrin qaçqın dalğası ilə üzləşməsi qaçılmaz hesab olunur.
ABŞ Prezidenti Donald Tramp mövcud vəziyyətlə bağlı qeyd edir ki, ABŞ İrana xeyli sayda gəmi göndərib və göndərməkdə də davam edir: “Ümid edirəm ki, razılığa gələ bilərik. Razılığa gəlsək, bu yaxşı olar. Əgər çatmasaq, nə olacağını görəcəyik”. Daha bir mühüm nüans odur ki, ABŞ-ın mümkün zərbələri halında İran ictimaiyyətinin hansı addımlar atacağı da qeyri-müəyyəndir. Ölkədə son etiraz aksiyaları dini hakimiyyətə qarşı böyük bir narazılığın olduğunu təsdiqlədi. İqtisadi çətinliklər və sanksiyalar təzyiqi isə ölkədəki vəziyyəti daha da çətinləşdirir. İrandakı son etirazlar səngisə belə, sosial qeyri-sabitlik və geosiyasi parçalanma xətləri ölkədə yeni seysmik titrəmələrə səbəb ola bilər. Onu da unutmaq olmaz ki, etirazların azalmasından sonra İsrail, ABŞ və İran arasında gərginliyin nisbətən azalması müvəqqəti, taktiki və olduqca kövrəkdir. Bu dövrü çətin ki, davamlı bir yumşalma mərhələsi hesab etmək olar; əksinə, qısa müddətdə pisləşmə ehtimalı yüksək olaraq qalır. ABŞ və İsraildə belə hesab edilir ki, İranda dini rejimdən narazılığın pik həddə olması halında bu ölkəyə hədəfli zərbələrə ictimaiyyətin ciddi müqaviməti olmayacaq. Özü də burada diqqətə alınır ki, İranda ictimiayyət nümayəndələri etirazlar dövründə ABŞ-ı belə zərbələr endirməyə dəvət edib.
Bundan əlavə, illərdir ki, İsrailin Baş naziri Binyamin Netanyahunun xarici siyasətində İrana qarşı sərt mövqe əsas yer tutub. Oktyabr ayında İsraildə seçkilər və noyabr ayında ABŞ-da ara seçkilərin keçirilməsi gözlənildiyi üçün İrana qarşı aktiv addımların atılması ehtimalı bu fonda da olduqca yüksək görünür. Bundan əlavə, qlobal geosiyasi tarazlığın ümumi şəkildə sərtləşməsi ABŞ-ın İrana qarşı potensial müdaxiləsinə səbəb ola biləcək prosesləri sürətləndirir. Eyni zamanda, Tramp administrasiyasının İranı danışıqlara məcbur etməyə yönəlmiş aqressiv güc nümayişi bölgəni hərbi müdaxilə və diplomatik sövdələşmə arasında həssas bir tarazlıqda saxlayır. Bu tarazlıq hər zaman pozula bilər.
ABŞ üçün İrana potensial müdaxilənin ən vacib aspektlərindən biri həm də geosiyasi faktorlardır. Tramp administrasiyası Rusiya, Çin və İran arasında yerləşən strateji əhəmiyyətli Mərkəzi Asiya regionunda, eləcə də Cənubi Qafqazda diplomatiyanı gücləndirib. Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh mqaviləsinin paraflanmasında əsas vasitəçi olub, bunun mühüm elementlərindən biri Amerika tərəfinin iştirakı ilə Zəngəzur dəhlizinin açılması istiqamətində praktiki addımlara başlanılmasıdır. İran isə ABŞ-ın sözügedən regionlarda belə aktivliyinə qarşıdır və bunu gizlətmir. Elə İranın Ermənistandakı səfirinin rəsmi İrəvana yönəlik xəbərdarlıqları da bunun isbatlarından biridir. Ancaq o da faktdır ki, 44 günlük İkinci Qarabağ savaşından sonra Ermənistan hakimiyyəti ABŞ ilə əməkdaşlığın, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərinin İrandan asılılığı davam etdirməkdən daha üstün olduğu qənaətinə gəlib.
Bütün bunlar kontekstində ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini artırması İrana zərbə ehtimalını gücləndirir və region ölkələri isə regionda daha bir münaqişəyə hazırlaşır. Çünki ABŞ-İran ziddiyyətlərinin danışıqlar yolu ilə çözülməsinə ümidlər də sürətlə tükənir. Belə vəziyyətdən Körfəz Əməkdaşlıq Şurası kimi ərazisində ABŞ-ın əsgərləri olan ölkələr İranın hansısa formada əks hücumundan narahatdırlar. Xatırladaq ki, Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Oman və Qətər daxildir, onların çoxunun ərazisində ABŞ hərbi bazaları var. Romada yerləşən “Euro-Gulf Information Centre” təhlil mərkəzinin siyasət məsələləri üzrə meneceri Pyer Kamillo Falaska bildirir ki, Körfəz ölkələri iki təxirəsalınmaz məqsədə fokuslanıb: “Onlar böhranın yayılmasının önləmək, ölkələrinin təhlükəsizliyini qorumaq istəyirlər”. Onun sözlərinə görə, ictimai mövqelərinə baxmayaraq, Körfəz ölkələri İranda rejim dəyişikliyinə qarşı çıxmırlar: “Onlar mümkün xaotik keçidin bədəlini yaxşı anlayırlar. Onlar idarəolunan və nizamlı keçiddə maraqlıdırlar, boşluqda yox”. Falaskanın fikrincə, Körfəz ölkələri limanlarının, aeroportlarının və enerji infrastrukturunun təhlükəsizliyini gücləndirmək üzərində ciddi işləyir, əhalini mümkün çətin dövrlərə hazırlayırlar.
İranın ən böyük etnik azlığı olan azərbaycanlılar isə ölkəmizlə sərhəddəki şimal-qərb bölgələrində məskunlaşıblar. Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı İran ətrafındakı gərginliyin dialoq yolu ilə həllinə tərəfdardır. Bunlar fonunda xarici işlər naziri Ceyhun Bayramov İrandan olan həmkarı Abbas Əraqçiyə bildirib ki, Azərbaycanın ərazilərindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək. Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan çəkinmələrinin zəruriliyini hər zaman vurğulandıqlarını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq, diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
Məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində qeyd edib ki, ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib: “Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq”. Hikmət Hacıyev vurğulayıb ki, İrandakı təhlükəsizlik vəziyyəti Azərbaycan tərəfinin dərhal müdaxiləsinə ehtiyac yaratmır, çünki rəsmi Bakı həmişə digər ölkələrin daxili işlərinə qarışmaqdan kənardır. Hələlik isə proseslərin inkişaf axarı cənub sərhədlərimizdə böyük bir savaşın olmasını istisna etmir. Savaş uzun davam edərsə, İrandan Azərbaycana və digər qonşu ölkələrə qaçqın axının olması da gözləniləndir.
MTM Analitik Qrup
