
Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqlar fonunda Ermənistan rəhbərliyi ölkəsinin uzun illər üstünlük verdiyi, ərazi ilhaqına köklənmiş təhlükəsizlik və xarici siyasət konsepsiyasının iflasa uğradığını açıq şəkildə etiraf edir. 2020-2023-cü illər ərzində üzləşdiyi hərbi-siyasi uğursuzluqlar da göstərir ki, bu ölkənin işğalçılığa və etnik separatçılığa xidmət edən dövlət ideologiyası puça çıxıb.
Bu reallıqlar fonunda rəsmi İrəvan əvvəlki strategiyaların işləmədiyini qəbul edir, təhlükəsizlik anlayışının yeni siyasi və iqtisadi reallıqlarla bağlı olduğunu bəyan edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın əvvəlki təhlükəsizlik konsepsiyasının yanlış və səmərəsiz olmasını etiraf etməsi də bunun əyani təzahürüdür. O bildirib ki, Ermənistanın uzun illər üstünlük verdiyi “təhlükəsizlik konsepsiyası” 2020-2023-cü illər ərzində öz səmərəsizliyini sübut edib. Uzun müddət təhlükəsizliyini hərbi-siyasi ittifaqlara, xarici zəmanətlərə bağlayan Ermənistan ölkəmizin hərbi-siyasi zəfərləri fonunda bunun mənasızlığını anlayıb.
Ermənistan rəhbərliyinin regional əməkdaşlığın əhəmiyyətini yalnız son aylarda açıq etiraf etməyə başlaması gecikmiş və məcburi təsir bağışlasa da, ümumən konstruktiv addımdır. Belə ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən əməkdaşlıq təklifləri, kommunikasiyaların açılması və iqtisadi inteqrasiya təşəbbüsləri rəsmi İrəvan tərəfindən müxtəlif bəhanələrlə qəbul edilmirdi. Xüsusilə Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və üçtərəfli razılaşmalar çərçivəsində nəzərdə tutulan iqtisadi layihələr Ermənistan daxilində siyasi manipulyasiya vasitəsinə çevrilmişdi. Halbuki, Azərbaycan və Türkiyə bu təşəbbüsləri regionda sabitliyin və qarşılıqlı faydanın əsas elementi kimi təqdim edir.
Zaman keçdikcə İrəvan anlamağa başladı ki, regional əməkdaşlıqdan imtina Ermənistanı təhlükəsizliyinə daha ciddi təhdidlər yaradır və onu təcrid olunmuş vəziyyətdə saxlayır. Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan kənarda qalmaq ölkəni uzunmüddətli strateji dalana çevirib. Bu kontekstdə N.Paşinyanın önə çəkdiyi “qarşılıqlı iqtisadi asılılıq” anlayışı Ermənistan üçün “yeni təhlükəsizlik çətiri” kimi təqdim olunur.
Dünya təcrübəsindən məlumdur ki, bir ölkənin ərazisindən keçən mühüm beynəlxalq ticarət və enerji axınları artdıqca, aparıcı dövlətlər və qlobal bazarlar həmin regionda sabitliyin və sülhün qorunmasında birbaşa maraqlı olurlar. Bu isə iqtisadi əlaqələri təhlükəsizliyin real təminatçısına çevirir. Ermənistan rəhbərliyi anlayır ki, iqtisadi bağlılıq regionda daha davamlı və uzunmüddətli sabitlik yarada bilər.
Bu yanaşmanını real təzahürlərindən biri də Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) açılmasına dair 2025-ci il avqustun 8-də Vaçinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan razılamalardır. Layihənin geosiyasi əhəmiyyəti, yaratdığı iqtisadi və siyasi üstünlükləri deməyə əsas verir ki, yeni yol yalnız regional deyil, qlobal tranzit sisteminin vacib həlqəsinə çevriləcək. Tramp sülh yolu layihəsi bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin edəcək, digər tərəfdən Ermənistan, Türkiyə, İran, Rusiya və Mərkəzi Asiya ilə Qərb bazarlarını birləşdirən marşrut kimi fəaliyyət göstərəcək.
Layihənin reallaşdırılmasına dünyanın ən aparıcı ölkələrindən birinin – ABŞ-nin investisiyasının cəlb olunması mümkün hərbi-siyasi təxribatların qarşısını bəri başdan alır. ABŞ-nin layihədə iştirakı Ermənistanda gələcəkdə hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, TRIPP yolu ilə bağlı razılaşmadan imtinanı mümkünsüz edir.
Zəngəzur Dəhlizinin açılması Cənubi Qafqazı yaxın gələcəkdə çoxşaxəli əməkdaşlıq platformasına çevriləcək. Bu platforma üzərində formalaşacaq yeni iqtisadi əlaqələr, qarşılıqlı investisiyalar və təminatlar regionda uzunmüddətli sabitliyinə real töhfələr verəcək.
Bu gün Ermənistanın real təhlükəsizliyi həqiqətən də regionda iqtisadi əməkdaşlıqdan, ilk növbədə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Ermənistan üçün alternativ yolların tükəndiyi artıq rəsmi səviyyədə qəbul olunur. Məhz bu kontekstdə rəsmi İrəvan Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılmasını, sərhədlərin açılmasını və nəqliyyat-kommunikasiya xətlərinin bərpasını prioritet kimi təqdim etməyə başlayıb. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan bu günlərdə AŞPA sessiyasında çıxışı zamanı Azərbaycanla əməkdaşlığın ölkəsi üçün müstəsna əhəmiyyət daşıdığını bəyan edib.
Ermənistanın təhlükəsizlik anlayışına yeni yanaşmasının digər bir mühüm göstəricisi 2026-cı ildə hərbi xərclərin 15 faiz azaldılmasıdır. Rəsmi İrəvan açıq bildirir ki, Azərbaycanla hərbi rəqabət aparacaq səviyyədə Ordu formalaşdırmaq nə iqtisadi, nə texnoloji, nə də siyasi baxımdan mümkündür. 2020-ci ildən sonra regionda yaranmış vəziyyət uzun illər cəmiyyətə təqdim edilən hərbi üstünlük və güc balansı miflərini tamamilə puç edib. Bu şəraitdə hərbiləşməyə böyük resurslar ayırmaq Ermənistan üçün daha ağır sosial-iqtisadi nəticələrdən başqa hansısa nəticə verə bilməz.
MTM Analitik Qrupu
