
Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edir və bu baxımdan Qazaxıstanla əlaqələri xüsusi vurğulamaq olar. İkitərəfli münasibətlər son illərdə ənənəvi tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji müttəfiqlik mərhələsinə qədəm qoyub.
Yerləşdiyi bölgədə xüsusi siyasi və iqtisadi çəkisi olan Qazaxıstanla əlaqələrin genişləndirilməsi rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biridir. Rəsmi Astananın da bu münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dəyərləndirməsi iki ölkənin yanaşmalarının tam üst-üstə düşdüyünü göstərir. Qazaxıstan Xarici İşlər Nazirliyinin bununla əlaqədar son açıqlamaları Bakı-Astana münasibətlərinin strateji maraqlara əsaslandığını təsdiqləyir. İki ölkə arasındakı intensiv siyasi dialoq yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmlənir.
İki ölkənin ali siyasi rəhbərliyi arasında formalaşmış inam və etimad qarşılıqlı münasibətlərin dərinləşməsində mühüm rol oynayır. 2025-ci ilin oktyabr ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə iştirakı, ardınca dövlət başçısı İlham Əliyevin Qazaxıstana gerçəkləşən dövlət səfəri siyasi əlaqələrin dinamikliyini bir daha təsdiq edib. Eyni zamanda baş nazirlərin, xarici işlər nazirlərinin, parlament nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri dövlətlərarası əməkdaşlığın institusional əsaslarını gücləndirir.
Bakı və Astana regional, habelə qlobal proseslərdə bir-birini tamamlayan, qarşılıqlı dəstəyə əsaslanan iki müttəfiq kimi çıxış edir, bu xəttin gələcək illərdə daha da güclənəcəyi gözlənilir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Xəzər sammiti, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi platformalar çərçivəsində fəaliyyət əlaqələndirilir, ortaq mövqe nümayiş etdirilir. Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Astananın AQEM-in beynəlxalq təşkilata çevrilməsi təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycan olması, 2024-2026-cı illər üçün bu quruma sədrliyin Bakıya keçməsi münasibətlərin strateji mahiyyətini ortaya qoyur.
Bu kontekstdə Azərbaycanın 2026-cı ildə AQEM-in sammitinə ev sahibliyi etməyə hazırlaşdığını da xüsusi vurğulamaq lazımdır. Sammitin Azərbaycanda təşkilinin dəstəklənməsi ölkəmizin Avrasiya məkanında təhlükəsizlik, dialoq və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında fəal rol oynadığını nümayiş etdirir. Eyni zamanda, bu tədbir Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının yalnız ikitərəfli deyil, çoxtərəfli müstəvidə də möhkəmləndiyinə dəlalət edir.
İkitərəfli münasibətlərin hüquqi-siyasi bazasının formalaşmasında son illərdə imzalanmış dövlətlərarası sənədlər də xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022–2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və strateji münasibətlərin möhkəmləndirilməsinə dair Bəyannamə tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsbit edir. Bu sənədlərdə Azərbaycanın Zəngəzur Dəhlizi ilə bağlı mövqeyinin dəstəklənməsi Qazaxıstanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə açıq siyasi dəstəyinin göstəricisidir. Rəsmi Astananın regionda sülhün və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş siyasəti Bakı ilə üst-üstə düşür.
İqtisadi-ticari əməkdaşlıq hazırda ikitərəfli münasibətlərin strateji xarakter almasında vacib rol oynayır. Qazaxıstan neftinin Azərbaycan ərazisindən keçməklə Qərb bazarlarına nəqli Orta Dəhliz layihəsinin praktiki əhəmiyyətini təsdiq edir. SOCAR ilə “KazMunayQaz” arasında imzalanmış uzunmüddətli müqavilə çərçivəsində hazırda “Tengiz” yatağından hasil edilən neftin Xəzər üzərindən tranziti həyata keçirilir. Tanker daşımalarının artırılması, Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılması ölkəmizin tranzit ölkə kimi rolunu gücləndirir, Qazaxıstan üçün alternativ və səmərəli marşrut yaradır. Orta Dəhlizin inkişafı fonunda Bakı və Astana regionu Avrasiya məkanında əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirməyi hədəfləyir. 2022-2027-ci illəri əhatə edən yol xəritəsinin icrası logistika xidmətlərinin təkmilləşdirilməsini, vahid operatorların yaradılmasını, tarif və texniki şərtlərin uyğunlaşdırılmasını təmin edir.
Rəqəmsal sahədə əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm tərkib hissəsi olan Xəzəraltı fiber-optik kabel xətti Asiya ilə Avropanı birləşdirən informasiya magistralına çevrilmək potensialına malikdir. Bu layihə regionun rəqəmsal xəritəsində hər iki ölkənin texnoloji, iqtisadi və siyasi mövqelərini möhkəmləndirir.
Bütün bu amillər deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri klassik tərəfdaşlıq çərçivəsini aşaraq real strateji müttəfiqlik modelinə çevrilməkdədir. Siyasi etimad, ortaq maraqlar, iqtisadi layihələr və beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət bu münasibətlərin uzunmüddətli və davamlı olacağını deməyə əsas verir.
MTM Analitik Qrup
