BAKI-PEKİN XƏTTİ CƏNUBİ QAFQAZIN GEOSİYASİ ARXİTEKTURASI ÜÇÜN MÜHÜM SİQNALLAR VERİR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Çinə rəsmi səfəri və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə planlaşdırılan görüşü təkcə ikitərəfli diplomatik təmas kimi deyil, həm də dəyişən qlobal nizam fonunda Bakının strateji istiqamətlərinin aydın göstəricisi kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycan-Çin münasibətlərinin məzmun baxımından yeni mərhələyə keçdiyini nümayiş etdirir. Belə ki, son illərdə beynəlxalq münasibətlər sistemində ciddi transformasiya gedir. ABŞ-Çin rəqabəti, Qərbin geosiyasi alətlərinin zəifləməsi, Avrasiya məkanında yeni güc mərkəzlərinin formalaşması orta ölçülü dövlətlər üçün daha çevik və çoxtərəfli diplomatiyanı zəruri edir. Azərbaycan məhz bu reallıqları nəzərə alaraq xarici siyasətində balanslaşdırılmış, lakin milli maraqlara söykənən kursunu davam etdirir.

Çinlə münasibətlərin dərinləşdirilməsi bu strategiyanın vacib tərkib hissəsidir. Pekin bu gün təkcə iqtisadi nəhəng deyil, eyni zamanda alternativ beynəlxalq institutların, maliyyə mexanizmlərinin və təhlükəsizlik yanaşmalarının əsas müəlliflərindən biridir. Azərbaycanın bu mərkəzlə dialoqunu gücləndirməsi onun qlobal manevr imkanlarını artırır.

Ceyhun Bayramovun Van İ ilə görüşündə əsas müzakirə mövzularından birinin “Bir kəmər, bir yol” təşəbbüsü olacağı gözlənilir. Azərbaycan bu layihədə sadəcə tranzit ölkə deyil, Avrasiya logistikasının əsas qovşaqlarından biridir. Orta Dəhlizin (Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Avropa) əhəmiyyətinin artması Bakı üçün həm iqtisadi, həm də geosiyasi dividendlər yaradır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Şimal marşrutlarının riskli hala gəlməsi Çinin və Avropanın diqqətini daha təhlükəsiz və sabit alternativlərə yönəldib. Bu kontekstdə Azərbaycan Çinin Avropaya çıxışında etibarlı tərəfdaş kimi ön plana çıxır.

Səfərin gündəliyində yalnız iqtisadi məsələlər deyil, siyasi və təhlükəsizlik mövzuları da mühüm yer tutur. Çin prinsipial olaraq dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən mövqe nümayiş etdirir. Bu yanaşma Azərbaycanın post-münaqişə dövründə regional sabitliyin təmin olunması siyasəti ilə üst-üstə düşür. Eyni zamanda, Qərb institutlarının – xüsusən AŞPA və bəzi Avropa strukturlarının Cənubi Qafqazda açıq siyasi mövqelər tutması fonunda Azərbaycanın alternativ diplomatik platformalara və tərəfdaşlara yönəlməsi obyektiv zərurətə çevrilib. Çin bu baxımdan ideoloji şərtlər irəli sürməyən, praqmatik əməkdaşlıq modeli təklif edən güc mərkəzidir.

Azərbaycan-Çin münasibətlərinin gələcək mərhələsində enerji və yaşıl texnologiyalar xüsusi əhəmiyyət kəsb edir. Çin alternativ enerji, elektrik nəqliyyatı, sənaye parkları və rəqəmsal texnologiyalar sahəsində dünya liderlərindəndir. Azərbaycanın sənayeləşmə və yaşıl enerji strategiyası Çin investisiyaları və texnoloji transferi üçün real imkanlar açır. Bu baxımdan Ceyhun Bayramovun səfəri konkret iqtisadi və texnoloji əməkdaşlıq xəritəsinin cızılması baxımından da önəm daşıyır. Beləliklə, Ceyhun Bayramovun Çinə rəsmi səfəri Azərbaycanın xarici siyasətində Şərq vektorunun gücləndiyini açıq şəkildə göstərir. Bu səfər Bakının qlobal güc mərkəzləri arasında balansı qoruyaraq öz milli maraqlarını maksimum dərəcədə təmin etmək niyyətinin növbəti təsdiqidir. Azərbaycan üçün Çinlə münasibətlər nə Qərbə alternativ, nə də kiməsə qarşı yönəlmiş addımdır. Bu, dəyişən dünyada daha çox seçim, daha geniş manevr və daha güclü mövqe deməkdir. Məhz bu baxımdan Bakı-Pekin xəttində baş verənlər təkcə ikitərəfli münasibətlər deyil, Cənubi Qafqazın gələcək geosiyasi arxitekturası üçün də mühüm siqnallar verir.

MTM Analitik Qrup