
Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaradıldığı gündən etibarən demokratiyanın, insan haqlarının və hüququn aliliyinin qorunmasını əsas missiya kimi qarşıya qoysa da, indi bütün bunlardan çox uzaq düşüb. Xüsusən də son illərin siyasi prosesləri göstərir ki, AŞPA bu prinsiplərə münasibətdə obyektivlikdən uzaqlaşaraq bir sıra hallarda qərəzli yanaşmalar və açıq-aşkar ikili standartlar nümayiş etdirir. Ayrı-ayrı ölkələrə qarşı selektiv münasibət, geosiyasi maraqlara əsaslanan qərarlar və eyni hallara fərqli yanaşmalar assambleyanın nüfuzuna ciddi zərbə vurur.
Azərbaycan məsələsində AŞPA-nın mövqeyi qərəzin ən bariz nümunələrindən biridir. Uzun illər ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında qalmasına baxmayaraq, AŞPA bu məsələyə münasibətdə passiv və formal mövqe sərgiləyib. Ermənistanın işğal siyasəti, etnik təmizləmə, mədəni irsin məhv edilməsi kimi faktlar ya ümumiyyətlə, gündəmə gətirilmədi, ya da qurum zəif və nəticəsiz bəyanatlarla kifayətləndi. Buna baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra AŞPA-nın mövqeyi kəskin şəkildə dəyişdi, reallıqları nəzərə almayan birtərəfli mövqelər ortaya qoyuldu. AŞPA Ermənistanın əsassız iddialarının, separatçıların qızğın müdafiəçisinə çevrildi, Azərbaycana qarşı qərəz dozasını belə demək mümkündürsə, ifrat həddinə çatdırdı.
Ölkəmizin daxili işlərinə müdaxiləyə cəhdlər kontekstində qurum 2024-cü ilin yanvarında baş tutan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin AŞPA-da səlahiyyətlərinin məhdudlaşdırılmasına cəhd etdi. Qərəzli yanaşmaya etiraz olaraq, elə həmin vaxt Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdığını açıqladı. Bu gün də Azərbaycanın mövqeyi qətidir: qurum yol verdiyi yanlışlıqları, ölkəmizə qarşı qərəzi aradan qaldırmayana qədər Azərbaycan nümayəndə heyəti AŞPA-ya dönməyi planlaşdırmır. İstər AŞPA-nın, istərsə də Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartlara əsaslanan mövqeyi ölkəmizin iradəsinə təsir göstərmək iqtidarında deyil. Azərbaycanla təhdid dili ilə danışmaq əslində, bu qurumların özləri üçün bumeranq effekti verir. Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində bu məqamalara toxunaraq, bildirib: “Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır”.
O da faktdır ki, Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması, ticari münasibətlərin qurulması AŞPA və Avropa Parlamentində anti-Azərbaycan dairələrə böyük zərbə oldu. Amma bunlar fonunda hələ də anti-Azərbaycan fəaliyyət davam edir. Məsələnin daha bir maraqlı tərəflərindən biri də odur ki, AŞPA yol verdiyi xətaları düzəltmək əvəzinə, getdikcə daha böyük səhvlərə yol verir. Bunu qonşu Gürcüstana münasibətdə bir daha görmək olar. Gürcüstanla bağlı AŞPA-da ötənilki qış sessiyasında qəbul olunan qətnamə faktiki olaraq, qonşu ölkənin daxili işlərinə açıq müdaxilə cəhdi oldu. Həmin qətnamədə Gürcüstan hakimiyyətindən AŞPA-nın nəzarəti altında təcili növbədənkənar parlament seçkilərinin keçirilməsi, “Xarici təsirin şəffaflığı haqqında” qanunun geri çəkilməsi, digər belə absurd tələblərin icrası tələb olundu. Cavab olaraq, Gürcüstan nümayəndə heyəti də AŞPA-nın sıralarını tərk etdi.
Hazırda Cənubi Qafqaz ölkələrindən təkcə Ermənistan AŞPA-da təmsil edilir. Amma istisna deyil ki, bu gedişlə Ermənistan da AŞPA ilə yollarını ayırsın. Qurumun bu qış sessiyasında qəbul etdiyi qətnamə AŞPA-nın Ermənistanın da daxili işlərinə müdaxilə etməyə cəhd göstərdiyini deməyə əsas verir. Məsələn, həmin sənəddə hakimiyyətə Erməni Apostol Kilsəsinə hücumda ittiham edilir. Müxalifətdəki “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamijanyan bildirir ki, hakimiyyət orqanları qurumun qəbul etdiyi qətnamədə Erməni Apostol Kilsəsinə hücum edən müddəaların olması faktına susur: “Ermənistan parlamentinin sədr müavini və AŞPA-nın vitse-prezidenti Ruben Rubinyan sadəcə qeyd etdi ki, qətnamədə assambleya “bir neçə ruhani tərəfindən hakimiyyəti ələ keçirmək planları barədə məlumatlardan” dərin narahatlıq ifadə edir. Lakin o, assambleyanın həmçinin baş nazirlə Erməni Apostol Kilsəsinin rəhbəri arasındakı münasibətlərdəki gərginlikdən narahatlığını ifadə etdiyini qeyd etməyi “unudub”. Məlum olur ki, Paşinyanın hökumətin hərəkətlərinin guya kilsəyə qarşı yönəlməməsi ilə bağlı nağılları puç olub. Ən azından qətnamənin mətnində hökumətlə kilsə arasındakı qarşıdurma açıq şəkildə ifadə olunub”.
Mamijanyanın sözlərinə görə, sənədin ikinci bəndində açıq şəkildə bildirilir ki, seçkilər zamanı dövlət resurslarından sui-istifadə halları aradan qaldırılmalıdır: “Üçüncü abzasda demokratik institutların siyasi təsirdən qorunması zərurəti açıq şəkildə qeyd olunur. Bəzi beynəlxalq təşkilatların Paşinyanın hər hansı bir hərəkətini haqlı çıxarmağa meylli olduğu və həssas məsələləri qaldırmamağa üstünlük verdiyi bir kontekstdə belə, susmağın, onları görməzdən gəlməyin və ya hesabata daxil etməməyin mümkünsüz hala gəldiyini nəzərə alsaq, bu pozuntuların miqyasını təsəvvür edin”. Eyni zamanda, Mamijanyan sənəddə Ermənistanda siyasi məhbusların mövcudluğundan bəhs edilməməsini qəbuledilməz hesab edir.
Qeyd etmək lazımdır ki, barəsində bəhs olunuan qətnamədə AŞPA Ermənistanda ictimai və siyasi arenada siyasi qütbləşmənin yüksək səviyyəsindən və aqressiv ritorikadan da təəssüfləndiyini bildirib. Assambleya həmçinin baş nazirlə Erməni Apostol Kilsəsinin rəhbəri arasındakı münasibətlərdəki gərginlikdən, eləcə də müəyyən ruhanilərin iştirakı ilə iqtidarın kilsə rəhbərliyini ələ keçirmək planları barədə məlumatlardan narahatlığını ifadə edib. Halbuki, kilsənin Ermənistan dövləti və regionda sülh üçün yaratdığı təhdidləri AŞPA qətnamədə nəzərə almaq istəməyib. Bundan başqa, AŞPA siyasi partiyaların maliyyələşdirilməsində dövlət resurslarından sui-istifadənin qarşısını almaq üçün mexanizmlərin tətbiqinin vacibliyini vurğulayıb. 2026-cı il parlament seçkilərindən əvvəl AŞPA hökumət və müxalifət arasında qarşıdurmanın azaldılmasına çağırıb ki, siyasi rəqabət qarşılıqlı ittihamlara deyil, proqramlara və real məsələlərə əsaslansın.
Bütün bunlar AŞPA-nın Ermənistanın da daxili işlərinə müdaxilə cəhdlərinin artdığını göstərir və qeyd olunan istiqamətdə qurumun fəaliyyətinin daha da genişlənməsi istisna olunmur. Belə olan halda Ermənistanın da Azərbaycan və Gürcüstan nümunəsini nəzərə alaraq, AŞPA-dan nümayəndə heyətini geri çağırması, qurumda qərəzli münasibətlər səbəbindən fəaliyyətini müvəqqəti dayandırması istisna edilmir. Bu durumda AŞPA bütün Cənubi Qafqazı itirəcək ki, bu da Avropanın özünün maraqlarına ziddir.
MTM Analitik Qrup
