GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Ceyhun Bayramovun Çinə səfəri

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Çinə rəsmi səfəri Bakı-Pekin strateji tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edir. Yanvarın 28-də Çinin xarici işlər naziri ilə planlaşdırılan görüşdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, “Bir kəmər, bir yol” təşəbbüsü və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

2. Sülh Şurası Azərbaycanı salamladı

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının Azərbaycanı təsisçi üzv kimi salamlaması ölkənin beynəlxalq sülh və təhlükəsizlik təşəbbüslərində artan rolunun göstəricisidir. Bu, Bakının qlobal diplomatik çəkisinin daha da gücləndiyini təsdiqləyir.

3. AŞPA Qafqazı itirir

AŞPA-nın Ermənistanla bağlı son qətnaməsi qurumun Cənubi Qafqazda balanslı mövqedən uzaqlaşdığını göstərir. Seçici yanaşma və siyasi simpatiyalar AŞPA-nın regiondakı nüfuzunu zəiflədir, onu real proseslərdən kənarda qoyur.


4. Azərbaycanda sənayeləşmə sürətlənir

Prezident İlham Əliyevin Sumqayıta səfəri ölkədə sənayeləşmənin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Kimya, metallurgiya və yüksək texnologiyalar sahəsində açılan müəssisələr qeyri-neft sektorunun güclənməsinə və ixrac potensialının artmasına xidmət edir.

5. Azərbaycandan Ermənistana yüklər gedəcək

Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, maye qaz və bitumun Azərbaycan ərazisi ilə daşınması mümkün olacaq. Bu addım regionda iqtisadi kommunikasiyaların açılması və etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.