
Yaxın Şərqdə cərəyan edən hadisələrin bu regionda yeni genişmiqyaslı savaş ehtimalının hər keçən gün daha da artdığını göstərir. Prosesin təsirinin özünün daha geniş coğrafiyada göstərəcəyi də şübhəsizdir və bu təsir dairəsində Azərbaycan da yer alır. Söhbət konkret olaraq, ABŞ və İran arasında gözlənilən savaşdan gedir. İsrailin də burada aktiv iştirakı istisnalıq təşkil etmir. Artıq rəsmi Tehran ən müxtəlif səviyyələrdə ABŞ və İsrailə sərt xəbərdarlıqlar edib və zərbə endiriləcəyi halda cavabın çox ağır olacağını bildirib. Buna rəğmən, İran ətrafına cəmləşdirilən ABŞ hərbi qüvvələri, İsrailin hazırlıqları regionda yeni dəhşətli savaşı istisna etmir.
ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə verdiyi müsahibədə bildirib ki, İran yaxınlığındakı ABŞ hərbi armadası artıq Venesuela sahillərində yaradılan armadanın ölçüsünü üstələyir. O əlavə edib ki, regiondakı vəziyyət olduqca qeyri-sabitdir: “İranın yaxınlığında böyük bir armadamız var. Venesuelada olandan daha böyükdür”. “Middle East Eye” nəşri isə məsələ ilə tanış olan mənbəyə istinadən xəbər verir ki , ABŞ İrandakı etirazlar zamanı nümayişçilərin ölümündə Vaşinqtonun məsul hesab etdiyi yüksək vəzifəli İran rəsmiləri və komandirlərinə qarşı hədəfli zərbələr endirməyi planlaşdırır. Xəbər saytının istinad etdiyi mənbəyə görə, zərbələr bu həftənin əvvəlində baş verə bilər. Lakin o qeyd edib ki, vaxt dəyişə bilər. “The Jerusalem Post” qəzeti də zərbələrin bu həftə ərzində endirləcəyinə dair məlumat yayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqdə cəmləşməsinin də məhz bundan irəli gəldiyi qeyd olunur.
“USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin İran əməliyyatına cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olması da yuxarıda qeyd edilənlər fonunda təsadüfi hesab edilmir. Nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi 1989-cu ilin noyabr ayında istismara verilib. Müdafiə silahlanması baxımından gəmi “Sea Sparrow” raket buraxıcıları, RAM RIM-116 raket əleyhinə sistemləri və nöqtəvi müdafiə üçün üç “Phalanx CIWS” sistemi ilə təchiz olunub. Həmçinin, gəmidə müasir AN/SPS-48E və AN/SPS-49 hava axtarış radarları, elektron müharibə sistemləri və bir neçə hava hərəkətini idarəetmə radarları var. Gəminin ümumi heyəti 5680 nəfərdən ibarətdir. Gəmi, göyərtənin altında anqar olmaqla, dörd katapult və dörd liftlə idarə olunan sabit qanadlı təyyarələr və helikopterlər də daxil olmaqla 90-a qədər hava döyüş maşını daşıya bilər. “USS Abraham Lincoln” F/A-18E/F “Super Hornet” qırıcıları, EA-18G “Growlers”, E-2D “Advanced Hawkeye” hava hücumundan erkən xəbərdarlıq təyyarələri və MH-60 helikopterlərinin üzən bazası hesb olunur.
İran ətrafına yerləşdirilən “USS Frank E. Petersen Jr.” esminesi “Aegis Baseline 9C2” döyüş sistemi ilə təchiz olunub. Onun silahlanmasına toplar, müxtəlif raket növləri (“Standard”, “Tomahawk”, ESSM və VL-ASROC) üçün 96 şaquli buraxılış kamerası, “Phalanx CIWS” sistemi, torpedo boruları və iki SH-60 helikopterini idarə etmək imkanı daxildir. “USS Spruance” esminesi də irana qarşı mümkün hərbi əməliyyatlarda iştirak üçün ərazidədir. Gəmi birdən çox hədəfi izləmək və atəşə nəzarət etmək üçün AN/SPY-1D radarına malik “Aegis” sistemi ilə təchiz olunub. Onun arsenalına top, 96 şaquli raket buraxılış kamerası, səkkiz “Harpoon” gəmi əleyhinə raket, torpedalar və əlavə yüngül silahlar daxildir. Uçuş platforması iki SH-60B sualtı qayıq əleyhinə helikopterini idarə edə bilər və bu da genişləndirilmiş sualtı qayıq əleyhinə döyüş imkanları təmin edir. 2012-ci ildə istismara verilən “USS Michael Murphy” esminesi də raketdən müdafiə qabiliyyətinə malik “Aegis” döyüş sistemi ilə təchiz olunub. Silahlanma konfiqurasiyası digər “Flight IIA” sualtı qayıqları ilə eynidir: 96 şaquli raket buraxılış kamerası, top, “Harpoon” raketləri, “Phalanx” sistemi və iki hücum vertolyotu üçün tam dəst. İran ətrafındakı QAB, hərbi qupuna sürətli hücum sualtı qayığının da daxil olması gözlənilir, lakin bu barədə məlumatlar məxfi saxlanılır.
Mümkün savaş zamanı ABŞ armadasının ilk olaraq “Standard SM-6” raketləri ilə İranda konkret hədəflərə zərbə endirməsi gözlənilir. Növündən asılı olaraq bu raketlər 240 ilə 463 kilometr arasında məsafəni vura bilir. “Tomahawk” qanadlı raketləri quruda ən uzun zərbə məsafəsinə malikdir. Onların “Block IV” və “Block V” versiyaları təxminən 1600 kilometr məsafəyə malikdir. Bu silahlar yaxşı müdafiə olunan yer hədəflərinə təhlükəsiz məsafədən dəqiq zərbələr endirməyə imkan verir. Gəmi əleyhinə müharibə üçün bu “Harpoon” raketlərinin “Block II” və ya “Block II+ ER” modelləri 130-240 kilometr məsafəni qət edir.
Bununla yanaşı, aviazərbələr də ABŞ-ın hərbi strategiyasında hər zaman mühüm yer tutur. “USS Abraham Lincoln” təyyarədaşıyanın əsas hücum qabiliyyətini F/A-18E/F “Super Hornets” təyyarələri təşkil edir. ABŞ-ın İrana qonşu ölkələrdə xeyli sayda hərbi bazaları mövcuddur. ABŞ-ın F-35 və F-15E “Strike Eagle” qırıcılarının İordaniyadakı “Müavvafaq” hava bazasında yerləşdirilməsi də məlumdur. Ümumilikdə, Yaxın Şərqdə 100-dən çox Amerika qırıcısı, onlarla tanker və kəşfiyyat təyyarələri İrana qarşı mümkün əməliyyatlara hazır vəziyyətdədir. Bundan əlavə B-2 kimi ağır bombardmançı təyyarələr birbaşa ABŞ-dan havalanmaqla İranda hədəflərə zərbə endirmək imkanını ötən ilin iyun ayında nümayiş etdirirb. Həmin vaxt İranın hava hücumundan müdafiə sistemlərinin böyük əksəriyyəti sıradan çıxarılıb. ABŞ regiondakı bazalarını, hərbi qüvvələrini və müttəfiqlərini İranın cavab zərbələrindən qorumaq üçün bölgədə “Patriot” və THAAD hava və raketdən müdafiə sistemləri də yerləşdirilib.
İsrail ordusu da yüksək döyüş hazırlığına gətirilib. ABŞ ordusu tərəfindən Yaxın Şərqə əlavə qüvvələrin yerləşdirilməsi İsrail Müdafiə Qüvvələri ilə sıx koordinasiyada həyata keçirilir. İran da ABŞ və İsrailin mümkün hücumlarının cavabsız qalmayacağını, ilk növbədə regiondakı ABŞ bazalarının, eləcə də İsrailin vurulacağını bəyan edib. İndiki vəziyyətdə gərginliyin artması beynəlxalq aviasiyaya da təsir edib. Bir neçə beynəlxalq aviaşirkət Yaxın Şərqə uçuşları ləğv edib. İrana qonşu ölkələr də proseslərə indidən hazırlıq görür. Məsələn, “Turkiye Today” nəşri yazır ki, İrana hər hansı müdaxilə olarsa, orada sabitlik pozularsa, miqrantların Türkiyəyə girişini önləmək üçün İran-Türkiyə sərhədi boyunca bufer zonanın yaradılması zəruri olacaq. Qeyd olunur ki, bunu ölkənin Xarici İşlər Nazirliyi parlamentin Xarici Əlaqələr Komitəsinin üzvlərinə bildirib. Türkiyə Xarici İşlər Nazirliyi qapalı iclasda Yaxın Şərqdəki son proseslər, xüsusilə İran və Suriya ilə bağlı durum haqda deputatları məlumatlandırıb, Ankaranın hər bir vəziyyət üçün A, B və C planlarının olduğunu bildirib. Türkiyə əvvəllər Suriyanın cənub sərhədi boyunca bufer zonalar yaradıb. O zaman məqsəd Suriyada vətəndaş müharibəsinin səbəb olduğu təhlükəsizlik və miqrasiya problemlərini nəzarətdə saxlamaq idi.
Azəbaycanın da hadisələrin istənilən ssenarisinə hazır olduğu şübhəsizdir. Ölkəmiz proseslərn dinc müstəvidə dialoq yolu ilə həllinin tərəfdarıdır. Digər tərəfdən İranda on milyonlarla soydaşımızın yaşaması nəzərə alınarsa, məsələ Azərbaycan üçün daha həssas xarakter alır.
Hadisələr indilikdə Vaşinqtonun regionda üç istiqamətli yanaşmanı dəstəklədiyini göstərir. Bunlardan birincisi hərbi imkanlar vasitəsilə İranı çəkindirmə, ikincisi, sanksiyalar və dolayı əməliyyatlar vasitəsilə İranın təsirinin məhdudlaşdırılması, üçüncüsü, İsrail və Körfəz ölkələri kimi regional tərəfdaşlar üçün təhlükəsizlik zəmanətləridir. Eyni zamanda ABŞ İranda dini hakimiyyətin dünyəvi idarəçiliklə əvəzlənməsində də maraqlıdır. Bütün bunlara İranın müqaviməti regionda savaş ehtimalını artırır.
MTM Analitik Qrup
